"Qarabağ" bəlkə də tarixinin ən mürəkkəb dönəmini yaşayır. Elə bir vəziyyətdir ki, uğurla uğursuzluqlar, sevinclə kədər, bir sözlə, bir-birinə əks olan çox şey iç-içədir. Klub tarixinin ən böyük nəticəsini göstərir, Azərbaycan futbolu miqyasında fantastik pullar qazanırlar. Amma yenə də bir məyusluq var "Qarabağ"ın ətrafında. Azarkeşlər daha çoxunu istəyirlər. Bunun əsas səbəbkarı elə "Qarabağ", Qurban Qurbanovun özüdür.
Çempionlar Liqasında 24-lüyün qapısını aralayıblar, içəri girmək qalıb. Amma bu son addımı atmaq çox çətindir. Qurban Qurbanov deyib ki, futbolçuların 90 faizinə xaricdən yaxşı təkliflər var. Sözlərindən belə anlaşılır ki, çoxu getmək istəyir. Belə bir durumda, "çemodan" əhval-ruhiyyəsi ilə meydana çıxan futbolçularla nəticə qazanmaq müşkül məsələyə çevrilib.
Bütün bu həngamənin içində bir də Nəriman problemi var. "Qarabağ"a uyğun oyun sərgiləməsə də, Axundzadəni istəyən xarici klublar var. Yaxşı da pul təklif eləyirlər ona görə. Çoxları onun qışda gedəcəyini düşünür. Amma yayılan xəbərlərə görə, Qurban Qurbanov Nərimanı buraxmaq istəmir.
Əslində, Qurban Qurbanov da "iki daşın" arasında qalıb sanki. Nəriman "Qarabağ"da qaldıqca azarkeşlərin ağzından qurtarmayacaq. Tənqidlər davam etdikcə isə Axundzadə olan-qalan bacarığını da itirəcək. Getməsi ona görə problemdir ki, "Qarabağ" heç cür yaxşı hücumçu tapıb gətirə bilmir. Belə vəziyyətdə Qurban Qurbanov Nərimanı buraxmaq istəmir. Bu məsələ də belə dolaşığa düşüb.
Həmid
saytlarin hazirlanmasi
