"Kurban Berdiyev hər şeyi gözəl başa düşür, həyəcan istəkli olmağımızdan irəli gələ bilər"

11:22 - 15 Aprel 2026

"Turan Tovuz"un legioneri Xorxe Silva Sportal.az saytına açıqlama verib.

O, komandasının Misli Premyer Liqasının 27-ci turu çərçivəsində "Sumqayıt"ı məğlub etməsi haqda danışıb:

"Görüşün çox çətin olacağını bilirdik. Qarşılaşmaya istəkli başlamışdıq. Bunun da nəticəsi olaraq erkən qol vurduq. İkinci hissəyə də eyni istəklə start verdik. Nəticədə yenidən fərqləndik. Lakin sonra tez-tez top itirdik. Rəqibə əks-hücumlar qurmaq şansı yaratdıq. Qapımızda qol gördük. Buna baxmayaraq, yekunda qalib gəldik və çox sevinirik. Qazon da çox möhtəşəm idi. Tam istədiyimiz kimidir. Arzumuz da bu idi ki, doğma stadionumuza qayıdaq. Çünki burada oynamaq bizim üçün çox yaxşıdır. Tovuzda komandaya güclü dəstək var".
 
Xorxe, Kurban Berdiyevin futbolçuların ilk dəqiqələrdən həyəcanlı olduqları haqda dediyi fikirlərə belə münasibət bildirib: "Baş məşqçimiz deyirsə, deməli, elədir. Çünki Kurban Berdiyev çox təcrübəli mütəxəssisdir. O, hər şeyi gözəl başa düşür. Həyəcanlı olmağımızın bir səbəbi uzun müddətdən sonra yenidən doğma meydana qayıtmağımızdır. Öz azarkeşlərimiz önündə oynayırdıq. Digər tərəfdən isə “Sumqayıt” da zəif rəqib deyil. Həyəcan həm də istəkli olmağımızdan irəli gələ bilər. Çempionatın startından əsas hədəfimiz avrokuboklardır. Bu hədəflə də irəliləməyə çalışırıq. İnanırıq ki, məqsədimizə çatacağıq".

Mirbağırağa

Xəbər xətti