"Torpedo"ya iki qol vurmuş "Zirə"nin sabiq futbolçusu: "Şanslar bərabərdir" - MÜSAHİBƏ

13:22 - 7 İyul 2026

"Zirə"nin və "Samtrediya"nın sabiq futbolçusu Nicat Qurbanov Sportal.az saytına müsahibə verib.

- Həm “Zirə”də oynamısan, həm də Gürcüstanda “Samtrediya”da. Bu mənada, Gürcüstan futboluna bələdsən. “Zirə”nin “Torpedo”(Kutaisi) ilə qarşılaşması haqda fikrin necədir. Səncə, püşk baxımından, “Zirə” üçün uyğun rəqibdir?

Bizim Gürcüstan klublarına qarşı uğurlu seriyamız var. Amma bu, çətin olmayacağı anlamına gəlmir. İndiki futbolda asan rəqib yoxdur. Dünya çempionatının oyunları da buna bariz nümunədir.

- “Torpedo” Gürcüstanın həmişə iddialı klublarından olub. Bu matçda “Zirə”nin mərhələ adlamaq şansı nə qədərdir?

Mən Gürcüstanda oynadığım dövrdə “Torpedo”da maliyyə problemləri var idi. Amma son 3-4 mövsümdür ki, komanda stabil vəziyyətdədir. “Zirə”nin hazırkı durumu barədə tam məlumatım yoxdur. Çünki mövsüm hələ başlamayıb və komandanın necə oyun üslubuna üstünlük verəcəyini bilmirəm. Hazırkı vəziyyətdə şansları 50/50-ə qiymətləndirirəm.

- Gürcüstanda liqa davam edir, “Torpedo” hətta Superkubok da qazandı. Onların rəsmi matçlar keçirməsi, daha çox formada olmaqları anlamına gəlir?

Hər halda, bu “Zirə”nin xeyrinə olmayan məqamdır. “Torpedo” demək olar ki, tam formadadır. Gürcüstan kubokunun qalibi olublar və bu da onlar üçün əlavə motivasiyadır. Amma çempionatın son oyunlarında qələbə qazana bilməyiblər. Deməli, müəyyən boşluqlar var və “Zirə” həmin boşluqlardan düzgün istifadə etməlidir. “Zirə” meydanda daha istəkli ola bilər. Amma fiziki hazırlıq hər şeydən vacibdir. Psixoloji cəhətdən oyuna hazır ola bilərsən, lakin fiziki cəhətdən də tam hazır olmalısan.

- İlk matç Sumqayıtdadır. “Zirə” də avrokuboklara vəsiqə qazanmamışdı, “Turan Tovuz” buraxılmadı deyə, gedəsi oldu. Bu mənada heyəti yığmaqla bağlı da problemləri yarandı. Bəs, bu məqam “Zirə”yə necə təsir edə bilər və ilk matçda hansı hesab səfər öncəsi təmsilçimiz üçün yaxşı olardı?

Əlbəttə, “Turan Tovuz”un avrokuboklardan kənarda qalması məyusluq yaratdı. Amma bu da bir təcrübədir. Deməli, işimizdə daha dəqiq və daha peşəkar olmalıyıq. “Turan Tovuz”a da uğurlar arzulayıram. “Zirə”yə gəlincə isə əlbəttə, bütün qurulan planlar dəyişib və komanda daha tez bir araya gəlmək məcburiyyətində qalıb. Heyətlə bağlı müəyyən problemlərin olacağını düşünürəm. Amma Rəşad Sadıqov artıq kifayət qədər təcrübəli mütəxəssisdir. İnşallah, bu ağır oyuna komandasını tam olmasa da, ən azı 70 faiz hazır vəziyyətə gətirə biləcək.

- “Samtrediya”da oynadığın vaxtda “Torpedo”ya qarşı oyunları xayırlayırsan? Kutaisidə oynamaq çətindir? Bu rəqibə qarşı hansısa xatirən var?

“Samtrediya”da oynadığım vaxt “Torpedo”ya iki qol vurduğumu dəqiq xatırlayıram. Birini öz meydanımızda, digərini isə səfərdə vurmuşdum. “Torpedo” köklü klublardan biridir və oyunda çox yaxşı azarkeş dəstəyi olacaq. Bir daha “Zirə”yə uğurlar arzulayıram. Turu keçən tərəf biz olarıq.

Mirbağırağa
 

Xəbər xətti