"Şamaxı"nın futbolçusu: "Ən yaxşı siyahısına daxil ola bilər, amma qalib olacağına inanmıram"

17:22 - 15 Sentyabr 2026

"Şamaxı"nın futbolçusu, Misli Premyer Liqasının 5-ci turunun (1:1) turunun "Sumqayıt"la görüşündə komandasının yeganə qolunu vuran Edqar Adilxanov Sportal.az saytına açıqlama verib.

O, komandasının “Sumqayıt”la görüşdəki performansını dəyərləndirib:

"Əslində, oyuna elə də yaxşı başlamışdıq. Daha dəqiq desəm, özgüvənsiz başlamışdıq. İkinci hissədə isə qoldan sonra özümüzə gəldik. Daha da yaxşı oynamağa başladıq. Oyunu uda da bilərdik. Təssüf ki, alınmadı. Məncə də, vurduğum qol maraqlı alındı. Ayın qolu seçiləcəyinə inanmıram. Çünki Tornikenin Axvledianinin "Kəpəz"ə vurduğu qol, “Neftçi”nin futbolçusu Klissman “İmişli”yə vurduğu qol baxımlı idi. Ən yaxşı qolların siyahısına daxil ola bilər, amma qalib olacağına inanmıram. Əsas komandanın qalib gəlməsidir. Əlimdən gələni etdim. Qarşıdakı görüşlərdə qalib gəlməyə çalışacağıq”.

Adilxanov, növbəti turda qarşılaşacaqları “Araz-Naxçıvan”la görüş barədə də fikirlərini söyləyib: "Bizim üçün fərqi yoxdur, rəqib komanda hansı formadadır. Çalışacağıq ki, hər oyun meydanda maksimum performans qoyaq. Bizim üçün hər rəqib çətindir".

Mirbağırağa

Xəbər xətti