"İroni Kiryat Şmona"nın futbolçusu, Azərbaycan milli komandasına dəvət edilən Rüfət Abdullazadə Sportal.az saytına müsahibə verib.
- Son matçda “Hapoel”ə(Hayfa) qalib gəldiniz. Matç sizin üçün necə alındı?
- Təbii ki, bu görüşə qələbə üçün çıxmışdıq. Şadam ki, bunu reallaşdıra bildik. Sona qədər mübarizə apardıq və lazım olan nəticəni qazandıq.
- Ümumiyyətlə, hazırkı komandanda öz performansını, öz vəziyyətini necə dəyərləndirirsən?
- Özümü yaxşı hiss edirəm və daha da yaxşı olmalıyam. Getdikcə formamı daha da yaxşılaşdırmalıyam. Əlbəttə, daha çox oynamaq və komandaya daha çox kömək etmək istəyirəm.
- Bəs komadanın turnir cədvəlindəki durumuna görə hansısa narahatlıq var? Komanda 11-ci pillədədir. Səncə, daha yaxşı pillədə olmağa potensialı var komandanın?
- Əlbəttə, komandamızın daha yaxşı yerlərdə olmağa potensialı var. Məncə, 11-ci pillə bizim real gücümüzü əks etdirmir. Daha yaxşı nəticələr əldə edə biləcəyimizə inanıram və məqsədimiz turnir cədvəlində yüksəlməkdir
- Azərbaycanda oynamış legionerlər var ki, indi də İsrail çempionatında çıxış edirlər. Maraqlıdır, onlarla meydanda üzbəüz gəldikdə bir-birinizi tanıyıb, Azərbaycan futbolu haqda danışmısız?
- Bəli, var. Ötən mövsüm “Karvan Yevlax”da oynamış Kayl Spenslə bir dəfə oyunun gedişində qarşılaşdıq. Aramızda qısa söhbət də oldu. Bir-birimizi tanıdıq, xoş oldu. O, indi “Makkabi Petah-Tikva” klubunda oynayır.
- Azərbaycan milli komandasına dəvət edildiniz. Millini qarşıda Lixtenşteyn və Andorra ilə görüşlər gözləyir. Qrupda birinci yeri tutsanız, daha yaxşı göstəriciyə sahib olsanız, AVRO-2028 pley-off oynaya bilərsiniz. Bu məqam sizi motivasiyanı artırır?
- Məncə, hər iki oyunda qələbə qazanmaq şansımız var. Əsas odur ki, yaxşı hazırlaşaq və öz oyunumuzu göstərək. AVRO-2028-ə vəsiqə uğrunda pley-off mərhələsində iştirak şansımızın da olması əlavə motivasiyadır. Ümid edirəm ki, bu fürsətdən yaxşı istifadə edəcəyik.
- Bu matçlarda oynayacağına inanırsan? Artıq millinin oyun sisteminə, stilinə, təzyiqinə öyrəşmisən?
- Özümü rahat hiss edirəm. Əlbəttə, millidə oynamaq hər zaman böyük məsuliyyətdir. Şans qazandığım vaxt, komandaya kömək etmək üçün əlimdən gələni edəcəyəm.
Mirbağırağa
