Qeydiyyat sentyabrın 22-dək davamedəcək
Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) klubun rəsmi Telekommunikasiya və Yayım tərəfdaşı olan Bakcell şirkəti ilə əməkdaşlıq edəcək.
Sportal.az xəbər verir ki, AFFA Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi olan "Bakcell" şirkəti və İngiltərənin "Mançester Yunayted" klubu arasında "Bakcell" şirkətinin dəstəyi ilə baş tutan yeni tərəfdaşlıq münasibətləri çərçivəsində Bakıda daimi fəaliyyət göstərəcək "Mançester Yunayted" Futbol Məktəbinin açılacağını elan edib.
İlkin mərhələdə, Akademiyanın istedadlar qruplarında hər birində 16 uşaq olmaqla 32 uşaq oxuyacaq. İstedadlar qruplarında təhsil pulsuz olacaq. Uşaqlar hər bir kateqoriya üzrə "Mançester Yunayted" klubundan ezam olunan məşqçilər tərəfindən seçim prosesində seçiləcəklər.
İstedadlar qrupları və kommersiya əsaslı qruplar iki yaş qrupu üzrə təşkil olunacaq:
1) U8/U9 - (2006 və 2007-ci il təvəllüdlü) - 16 uşaq
2) U10/U11 - (2004 və 2005-ci il təvəllüdlü) - 16 uşaq
Məşqlər "Mançester Yunayted" futbol məktəbindən ezam olunan məşqçilər və iki nəfər yerli məşqçi assistenti tərəfindən keçiriləcək. Məşqlərə başlamamışdan əvvəl uşaqlara ingilis dili tədris olunacaq (məşqdən əvvəl həftədə ən azı iki dəfə). İstedadlar qruplarının seçimləri 23 sentyabr tarixində Bayıl stadionunda keçiriləcək. İstedadlar qruplarına seçimlər prosesi başa çatdırıldıqdan sonra kommersiya əsaslı qrupların seçim prosesi başlayacaq.
Qeydiyyatdan keçmək istəyənlər sentyabrın 15-dən 22-dək, iş günləri saat 09:00-dan 18:00-dək aşağıdakı əlaqə məlumatlarından istifadə edərək, AFFA-nın əməkdaşları ilə əlaqə yarada bilərlər:
Ramin Həsənov: Tel: +994 55 511 20 80
Kifayət Osmanova: +994 55 511 70 72