"Penaltidən sonra düşündüm ki, artıq hesab 0:2 olacaq" MÜSAHİBƏ

00:24 - 20 Dekabr 2015

Cavid Tağıyev: "Ola bilər "qara zolaq"dayıq"
 
"Qarabağ"ın futbolçusu Cavid Tağıyevin "Qəbələ" ilə matçsonrası Sportal.az-a müsahibəsi:
 
"Çətin oyun oldu. "Qəbələ" komandası da son iki oyun bizim kimi qələbə qazana bilmirdi. Məqsəd 3 xal idi. Əlimizdən gələni etdik. Lakin olmadı. Belə olmalı imiş demək ki"
 
- "Qarabağ" "Qəbələ"yə güzəştə getdi, yoxsa tam gücünüz ilə oynadınız?
- Yox deməzdim ki, güzəştə getdik. Tam gücümüzü qoyduq oyuna. Alınmadı. Qol epizodlarından yararlana bilmədik.
 
- Etiraf edək ki, rəqib daha istəkli idi...
- Kənardan elə görünə bilər, lakin biz özümüz də bu oyuna ciddi hazırlaşırdıq. Məncə pis oynamadıq. Yəni hər iki komanda yaxşı oynadı deyə düşünürəm. Qol epizodlarına görə bizim üstünlüyümüz vardı.
 
- Arxayınçılıq varmıydı?
- Məncə yox. Ola bilər qara zolaqdayıq. Ancaq yenə deyirəm, bütün komandalar kimi biz də meydana qələbə qazanmaq üçün çıxırıq.  
 
- Öz oyunu necə dəyərləndirirsən?
- Özüm öz oyunumu qiymətləndirə bilmərəm. Heç nə deyə bilmərəm bu haqda. Amma əlimdən gələni etdim ki, komanda üçün faydalı olum.
 
- Sənə elə gəlmirmi ki, start heyəti sənə daha çox düşərli olur?
- Əsas heyət ya da sonradan daxil olma məşqçinin qərarıdı. Düzünü desəm, bunu özümdə hiss etməmişdim.
 
- Qapınıza penalti təyin edilərkən nə hiss etdin ?
-Penaltidən sonra düşündüm ki, artıq hesab 0:2 olacaq. Şehiç penaltini qaytaranda çox sevindim. Ona "çox sağ ol" deyirəm.

Xəbər xətti