Öyrənmək üçün "Barselona", tətbiq etmək üçün "Sumqayıt" QEYD

14:57 - 27 Aprel 2024

Öyrənmək, maariflənmək, yeniliklərlə ayaqlaşmaq həmişə vacib olub. Çünki həyat bir yerdə dayanmır. 15 il əvvələ boylananda ətrafda hər şeyin nə qədər dəyişdiyinin fərqinə varmaq olar. Ondan daha 15 il əvvəli düşünün, ondan da daha əvvəlini... 

Futbol da durmadan, dayanmadan dəyişir. Bu ecazkar oyuna baxışdan tutmuş iş üslubuna qədər futbolda da ilbəil yenilənmələr gedir. Dəyişikliklərlə ayaqlaşmaq üçün imkan daxilində tez-tez dünyanın aparıcı futbol ölkələrində təcrübələrə qatılmaq vacibdir. Necə deyərlər, görüb-götürmək lazımdır. 

AFFA-ya rəhbərlik eləyənlər bəyənməsələr də, Azərbaycanda yaxşı məşqçilər var. Qurban Qurbanov qazandığı nəticələrlə "böyük beşlik" klublarını çalışdıracaq səviyyəyə çatdığını göstərib. Digərlərinə gəlincə, öz dəsti-xətti, oyun tərzi, ortaya yaxşı iş qoymaq bacarığı olan məşqçilərimiz kifayət qədərdir. Onlardan biri də Samir Abasovdur. 

"Neftçi"ni çempion edən, hal-hazırda "Sumqayıt"la avrokuboklara vəsiqə qazanmaq uğrunda mübarizə aparan Samir Abasov maraqlı personadır. Bəzən çılğınlığı normadan artıq olsa da, dilinə görə dilçəyi də var. O, harada işləyibsə, məşqi işi görünüb, üslubunu otuzdurmağa çalışıb komandaya. 

Samir Abasov hal-hazırda İspaniyadadır, "Barselona"da təcrübə keçir. Məşhur "La Masiya"nın iş üsulu ilə yaxından tanış olub. "Barselona" B komandasının baş məşqçisi Rafael Markeslə görüşərək fikir mübadiləsi aparıb. Samir Abasovun Xavi ilə görüşü də planlaşdırılıb. Nə gözəl, alqışalayiqdir. 

Ötən həftə "Sumqayıt"ın 33 ötürməyə "Turan Tovuz"un qapısına vurduğu qol gündəmi zəbt elədi. Bəzi mətbu orqanlar bu videoya "Sumqayıt"dan "Barselona" sayağı qol" başlığı da verdi. Həqiqətən də "Sumqayıt"ın qısa ötürmələrə meyilli olması "Barselona" tərzini xatırladır. Yəni, Samir Abasov da məşqçi kimi bu üsluba uyğun iş qurmağı xoşlayan məşqçidir. Təcrübə yeri kimi "Barselona"nı seçməsi də əbəs deyil. 

"Sumqayıt" avrokuboklara vəsiqə qazanmasa belə, bu mövsümü həm klub, həm də Samir Abasov üçün uğurlu saymaq olar. Onların "Neftçi", "Sabah" kimi imkanlı klublara başağrı olduğunu nəzərə alsaq, "Sumqayıt" üçün mövsümün yaxşı keçdiyini demək olar. Samir Abasov üçün hər keçən mövsüm təcrübədir. Bir qisminə meydanlarda yiyələnir, digər qisminə xarici ölkələrdə! 

Həmid

Xəbər xətti