Bəzi məşqçiləri kənardan izləyəndə adama elə gəlir ki, bu dəqiqə meydana çıxacaq, ya topa vuracaq, ya rəqibə müdaxilə edəcək. Əksəriyyətin əsəbləri bu stresə dözmür, məşqçilər zaman-zaman öz üzərindəki nəzarəti itirirlər, çılğınlıqla, nümayişkaranə şəkildə emosiyalarını büruzə verirlər.
Qurban Qurbanov bu mənada da çoxlarından fərqlənir. Onun da əsəbiləşdiyi, hakimlərə etiraz etdiyi məqamlar yaşanır. Amma ümumi qiymətləndirməli olsaq, Qurban bəy təmkini, səbirli davranışı ilə seçilən mütəxəssisdir. Onun bu keyfiyyətini cənab prezident İlham Əliyev də çıxışlarında qeyd edib. Ölkə başçımız bu barədə danışanda hiss olunur ki, Qurban Qurbanov yalnız yaxşı mütəxəssis olması ilə deyil, həm də insani keyfiyyətləri ilə İlham Əliyevdə xoş fikirlər yaradıb özü barəsində.
Hamı yaxşı bilir ki, "Qarabağ" ciddi nizam-intizamın hökm sürdüyü klubdur. Burada heç kim cızığından kənara çıxa bilməz. "Yolunu azan" olursa, ya islah edirlər, ya da "Qarabağ" da çox qalmır belələri. Məsələn, Kevin Medinanın gecə həyatına qurşanmasına dair məlumatlar var idi. Komandanın liderlərindən olmasına baxmayaraq, Qurban Qurbanov onu bir müddət ehtiyat oyunçular skamyasında otuzdurdu. Medina səhvini anladı, əvvəlki kimi futbola kökləndi, indi yenə ən yaxşılardandı meydanda.
Amma elə məqamlar da var ki, onu tam nəzarətdə saxlamaq olmur. Bu, daha çox qırmızı vərəqələrlə bağlıdır. Heç kim bilərəkdən meydandan qovulmaq istəməz ki... Bəzən aşırı istəkli olmaq da, futbolçunun "yanmasına" gətirib çıxaran səbəblərə çevrilir. Ən çox da Elvin Cəfərquliyevin başına gəlir bu cür hadisələr. "Braqa", "Bayer"lə oyunlar hələ də yaddaşlardan silinməyib.
"Ferentsvaroş"la oyundan öncə keçirilən mətbuat konfransında Qurban Qurbanov deyib ki, bu vacib oyunda mütləq soyuqqanlı olmalıdılar. Çox vacib, əhəmiyyətli məsələdir. Bunu hamı dərk edir, artıq sözə ehtiyac yoxdur. Vacib matçda Qurban Qurbanov kimi səbirli olmağı bacarmalıdır "Qarabağ"ın futbolçuları.
Emin Abbasov
saytlarin hazirlanmasi