Ukrayna millisinin komandasının sabiq yarımmüdafiəçisi Artyom Yaşkin yığmasının 2026-cı il dünya çempionatının seçmə mərhələsinin D qrupunun 2-ci turunun Azərbaycanla Bakıda keçirdiyi oyunda (1:1) heç-heçəsini şərh edib.
Sportal.az xəbər verir ki, "sport.ua" portalına danışan veteran futbolçu Ukraynanın millimizlə bərabərə qalmasını uğursuzluq adlandırıb:
"Qələbə qazana bilməməyimiz çox pis oldu. Oyunun özü, heyətin seçilməsi, sistemimizin quruluşuna qədər hər şey uğursuzluq idi. Azərbaycan ən azı beş futbolçu ilə müdafiə olunurdu. Birinci hissədə daha çox sol cinahdan istifadə edirdik. Fasilədən sonra sağ cinah artıq işə qarışmışdı, sanki komanda baş məşqçidən qorxur, onun gözündən uzaqda hücuma keçirdi. Genişlik, sürətli hücumlar da yox idi, top itiriləndə əks pressinq də olmadı. Hamımız bilirdik ki, Azərbaycan müdafiə olunacaq. Onu yarmaq lazım gələrkən, biz əksin etdik. İkinci hissə bir az yaxşı alındı. Mənə elə gəlir ki, Sergey Rebrov Azərbaycan millisini oyundan öncə yox, fasilədə analiz etmişdi. Bütün futbolçularımız təxminən eyni səviyyədə, yəni pis oynadı. Bir sözlə, qrupumuzun ən zəif komandasına qalib gələ bilmədik. İndi meydança və külək günahkar ola bilər. Çox bəhanə tapmaq olar, amma fakt odur ki, nəticə yoxdur. Nəyisə dəyişmək lazımdır. Bəlkə münasibəti, bəlkə analizləri, bilmirəm".
O, baş hakimin 3-cü dəqiqədə qapımıza təyin etdiyi, VAR-ın müdaxiləsindən sonra isə ləğv edilən penalti barədə də fikirlərini bildirib:
"Çətin epizod idi. Məncə, minimum qayda pozuntusu olmuşdu. Buna hakim qərar verməlidir. Vladislav Vanatın da topa yetişməyə vaxtı yox idi. Amma bir şeyə əminəm ki, həmin epizod meydanın mərkəzində baş versəydi, hakim fit çalacaqdı".
50 yaşlı veteran futbolçu Ukrayna millisində oynayıb, “Dinamo”(Kiyev), “Çernomorets” klublarında oynayıb. O, “Dinamo”da məşqçi kimi də çalışıb.
saytlarin hazirlanmasi