AFFA Hakimlər Komitəsinin rəhbəri De Bleker hər turdan sonra mübahisəli epizodlarla bağlı açıqlama verir. Bu layihə maarıflənmə baxımından da çox faydalıdır. Çünki bəzən klub rəsmiləri, azarkeşlər hər hansı epizoda emosiyalara qapılıb reaksiya versələr də, oyun qaydalarına əsaslanan fərqli yorumlar görürük ayrı-ayrı situasiyalarda.
Lakin bu məsələdə də ciddi nöqsanlar var. De Bleker zaman-zaman özlərinə sərf eləməyən epizodların üstündən keçir. Məsələn, Misli Premyer Liqasının 9-cu turunda yaşananları yorumlayan belçikalı mütəxəssis iki epizoda toxunmayıb. Birincisi, "Zirə" - "Sumqayıt" matçında Konatenin epizodu. "Zirə"nin futbolçusuna qarşı edilən hərəkət yüzfaizlik penaltidir. Bunu De Bleker də yaxşı bilir, həmin oyunun hakimləri də. Amma sərf eləmir deyə, həmin epizodu müzakirəyə çıxartmayıb.
İkincisi, "Kəpəz" - "İmişli" oyununda yaşananlar. Birinci hissədə 12 dəqiqə dayanma olub, baş hakim cəmi 5 dəqiqə artırıb hissəyə. Bu epizodla bağlı AFFA-ya sorğu göndərsək də, De Bleker qeyri-müəyyən cavab verib. Sözçülük olmasın deyə, fikirlərini ümumiləşdirib yazırıq. De Bleker matçın hakimindən daha çox vaxt artırmasını gözləyib, sonra da bu barədə hakimlə söhbət eləyib. Amma belə halın nədən yaşandığı, səhvin ciddiliyi və s. barədə heç nə deməyib.
AFFA-nın mətbuat xidmətindən hər hansı epizodun niyə müzakirəyə çıxarılmadığı soruşulanda, seçimin məhz De Bleker tərəfindən edildiyi deyilir. Sözlərindən belə çıxır ki, Hakimlər Komitəsinin rəhbəri ürəyi istəyən epizodü müzakirəyə çıxarır, istəməyəni yox.
De Bleker Hakimlər Komitəsinin rəhbəridir, amma eyni zamanda da AFFA-nın işçisi. Bu adam federasiyadan maaş alır. Onu buraya ona görə gətirməyiblər ki, epizodları "malalasın". AFFA rəhbərliyi De Blekerlə ciddi danışmalı, heç bir epizodu ört-basdır etməmək tələbi qoymalıdır onun qabağında.
Həmid
saytlarin hazirlanmasi
     
                    