"Turnir cədvəli baxımından matçın böyük önəmi var" - "Zirə"nin qapıçısı "Sumqayıt"la görüş haqda

15:49 - 8 Fevral 2026

"Zirə"nin qapıçısı Aydın Bayramov Sportal.az saytına açıqlama verib.

O, komandasının Azərbaycan kubokunun 1/4 final mərhələsinin “Sumqayıt”a (0:0) qarşı keçirilmiş matçı barədə danışıb:

"Bu görüşdə yaxşı qol epizodlarımız oldu. Sadəcə sonluğu gətirə bilmədik. Yoxsa, oyunu yaxşı keçirdiyimizi düşünürəm. İstədiyimiz nəticə alına bilərdi. Hər halda, ilk görüş idi. Çalışacağıq ki, cavab matçında növbəti mərhələyə vəsiqə qazanacaq nəticəni qazanaq. Şanslar yenə də 50/50-dir. Çünki kubok görüşüdür. Hələ qarşıda cavab görüşü var. Hər halda, hər şey məhz cavab matçında həll olacaq, hansı komandanın mərhələ adlayacağı Zirədə dəqiqləşəcək".

Bu gün həmin komandalar Misli Premyer Liqasında üz-üzə gələcək. Bayramov bu görüşdə komandasının qələbə qazanmaq şanslarından bəhs edib: "Biz hər bir oyuna qalibiyyət üçün çıxırıq. "Sumqayıt"ın da gücünə bələdik. Kubokdan fərqli olaraq, bilirik ki, çempionat oyunu başqa olacaq. Çünki turnir cədvəlində bu matçın çox böyük önəmi var. Ancaq ard-arda eyni komandaya qarşı oynamağımız bizim üçün çətinlik yaratmır. Son 2 ildə "Zirə" öz sözünü deyib, ona görə sona qədər mübarizəmizi aparacağıq. Çalışacağıq ki, lazımi nəticəni qazanaq. Buna gücümüz çatacaq komandaya sahibik".

Mirbağırağa
 

Xəbər xətti