"Yenidən Premyer Liqada "Neftçi"yə və "Qarabağ"a qarşı oynamaq özüm üçün sevindirici olardı" - "Şəfa"nın kapitanı

13:18 - 28 Aprel 2026

"Şəfa"nın kapitanı və müdafiəçisi Tərlan Quliyev Sportal.az saytına müsahibə verib.

- I Liqada ötən həftə MOİK-ə qalib gəldiniz və xal ehtiyatınızı artırdınız. Görüş sizin üçün necə alındı?

Bütün oyunlara necə hazırlaşırıqsa, bu görüşə də elə hazırlaşmışdıq. Bilirdik ki, çətin olacaq. Bundan qabaq da MOİK-lə qarşılaşmışıq. Onları məğlub etsək də, çox ağır oyunlar keçib. Kompakt şəkildə oynayan komandadır. Bu dəfə də çətin keçdi. Sevindirici hal odur ki, təmkinli davrandıq, tələsmədik və qollar da gəldi. Qollardan birini də mən vurdum. Komandama xeyrim dəydiyi üçün sevinirəm. Yenə də hələ çempion olmamışıq. Qarşıdakı turda “Şimal”la oynayacağıq. Ona da maksimum hazırlaşırıq və qələbə qazanmaq istəyirik.

- Mövsümün sonuna 4 tur qalıb. Sabah çempionluğu rəsmiləşdirə bilərsiz...

Çalışırıq ki, sona qədər oynayaq, çempionluğu rəsmiləşdirək və ondan sonra sevinək. Növbəti matçlara daha rahat hazırlaşaq. Artıq sabah keçirəcəyimiz oyunu düşünürük, ona fokuslanmışıq.

- Bu mövsüm “Şəfa”dan çempionluq gözləntisi var idi. Bu da üzərinizdə əlavə təzyiq yaradırdı?

Məsuliyyət hiss edirdik. Bura elə futbolçular yığılıb ki, Premyer Liqa təcrübələri var. Düzdür, bu cür futbolçular “Səbail”də, “Mingəçevir”də, “Baku Sportinq”də də var. Amma kollektiv, oyunçular, məşqçilər heyəti birlikdə ailə kimiyik. Kollektivdə olan mehribançılıq oyunlara da yaxşı mənada təsir edir. 

- Uzun illər Premyer Liqada çıxış etmiş futbolçusan. Əvvəlki illərdə I Liqa ilə Premyer Liqa arasında səviyyə fərqi yüksək idi. Bəs bu mövsüm necə, bu fərq hardasa azalıb?

Premyer Liqa və I Liqada arasında səviyyə fərqinin olması normaldır. Amma həmişə öz futbolçularımızı nəzərdə tutub deyirəm ki, bu liqa ilə kifayətlənməməliyik. Bunu təkəbbürlülüklə bağlamayın. Biz də ən azından “İmişli”, “Qəbələ”, “Karvan-Yevlax”, “Kəpəz” kimi oynaya bilərik. Kubokda "Qəbələ” ilə qarşılaşmışdıq. Rəqib meydançasında onlarla başabaş mübarizə apardıq. Tutaq ki, I Liqada çempionluğu rəsmiləşdirdik və bura ilə qane olduq, bu da qarşıdakı və gələcəkdəki matçlarımıza problem olar. Ona görə də, indiki işimizi görək, çempionluğu rəsmiləşdirək, lakin bura ilə kifayətlənəyək.

- Demək olar ki, sənin üçün Premyer Liqa hələ bitməyib və yeni mövsüm “Şəfa” yüksək liqaya vəsiqəni rəsmiləşdirsə, səni də orada görəcəyik?

Məqsədim də odur. Düzdür, 34 yaşım var. Amma Premyer Liqada olan bəzi matçlar var ki, oynamağa gücüm çatar. 

- "Şəfa"nı Premyer Liqada təsəvvür edəndə, daha çox hansı pillələrdə görürsən? Ən azından yüksək liqada qalmaq uğrunda mübarizə aparmağa gücünüz çatar? Təbii ki, heyət güclənəcəyi təqdirdə..

Biz Ayxan Abbasovun rəhbərliyi altında "Turan Tovuz"la da birinci ildə bunun üçün oynadıq, məqsədimiz ilk ildə liqada qalmaq idi. Bu da normal haldır. Onu da bacarmışdıq. İlk ildəcə avrokuboklar üçün oynamaq, ya çempionluq istəmək bir az məntiqə uyğun deyil. Amma ilk ildə də liqada qalmaq üçün də çox mübarizə aparmalısan, çox döyüşməlisən. Hər klubun məqsədi olmalıdır. İldən-ilə, mərhələ-mərhələ irəliləməlisən. “Qarabağ”ı buna misal gətirmək olar. Mən “Qarabağ”da da oynamışam, onlar Qurban Qurbanovun rəhbərliyi altında neçə illər əziyyət çəkib və indi bu yerlərə gəlib-çıxıblar. Komanda oturuşduqdan sonra ardıcıl çempionluqlar gəlib.  

- "Neftçi"nin yetirməsisən. Yəqin ki, karyeranın son illərində Premyer Liqada sabiq komandana qarşı oyunlara çıxmağı səbirsizliklə gözləyirsən?

Əlbəttə. “Neftçi”, “Qarabağ” da oynamışam, bu komandalar mənə doğmadır. Bu klublarda işçilər, rəhbərlik və məşqçilər arasında mənə doğma, yaxın olan insanlar var. Mütəmadi olaraq, yenə də əlaqədəyik. İllər sonra yenidən Premyer Liqada “Neftçi”yə, “Qarabağ”a qarşı oynamaq şəxsən özüm üçün sevindirici olardı.

Mirbağırağa
 

Xəbər xətti