"Zirə" ilə matça revanş hissi ilə çıxmamışdıq" - MÜSAHİBƏ

12:22 - 1 May 2026

"Turan Tovuz"un kapitanı Faiq Hacıyev Sportal.az saytına müsahibə verib.

- "Turan Tovuz" "Zirə" ilə matçda qələbə qazana bilmədi. Səncə, nəyə görə qalib gəlmək alınmadı? 

Əslində, oyuna yaxşı hazırlaşmışdıq. Çətin matç olacağını isə gözəl bilirdik. Qalib gələrək, işimizi də asanlaşdırmaq niyyətində idik. Hər iki komanda yaxşı oyun oynadı. Məncə, 1:1 ədalətli hesab idi. 

- Ölkə kubokunda "Zirə" səddini keçə bilmədiyinizə görə, bu dəfəki görüşə revanş hissi ilə çıxmışdınız?

Xeyr. Belə bir şey yox idi. Futboldur da. Kubokda uduzmağımıza görə bu dəfəki matça revanş hissi ilə çıxmamışdıq. Sadəcə biz yerimizi möhkəmləndirmək üçün bu matça daha motivasiyalı çıxmışdıq. O da qalib gəlmək alınmadı.

- “Turan Tovuz"un ikinci pilləni tutmaq şansı da var. Yəqin ki, kubokdan uzaq qaldıqdan sonra indiki əsas məqsəd mövsümü məhz ikinci pillədə başa vurmaq olacaq?

Belə şansımız varsa, sona qədər onun uğrunda mübarizə aparacağıq. Necə olacağını zaman göstərəcək. Bizi bu həftə “Qarabağ”a qarşı vacib oyun gözləyir. İlk növbədə o matçda qələbə qazanaraq, daha sonra nələrisə düşünə bilərik.

- Maraqlıdır ki, komanda ikinci yeri tutarsa, "Sabah" da həm liqada, həm də kubokda çempionluğu qeyd etsə, Avropa Liqasına yollanacaqsınız. Avropa Liqası, ya Konfrans Liqası arasında sizin üçün fərq var?

İndiki durumda bunları düşünmürük. Çünki lap əvvəl qələbələr qazanmaq lazımdır ki, o mövqedə qərarlaşaq. Bunu etdikdən sonra siz dediyiniz məsələləri düşünmək mümkündür. 

- İkinci yer üçün növbəti addımı məhz elə 30-cu turda ata bilərsiniz. Qarşıdakı turda rəqibiniz "Qarabağ"dır. Onları səfər meydanında məğlub etmək mümkün olacaq?

Oyuna yaxşı hazırlaşırıq. Matç zamanı da maksimumu etməyə çalışacağıq. Daha az səhv edən, daha çox səbirli olan komanda bu matçda qalib gələcək.

- “Turan Tovuz"la müqavilə müddətini başa çatır? Komandada qalmaq istəyirsən, yeni müqavilə imzalamağı planlaşdırırsan yəqin? Komanda ilə avrokuboklarda oynamaq istəyin çoxdur yəqin?

“Turan Tovuz”la daha bir illik müqaviləm var. Mövsüm başa çatdıqdan sonra hər şeyə aydınlıq gətiriləcək. Hələ ki bütün fikrimiz oyunlara yönəlib.

Mirbağırağa

Xəbər xətti