"Bizdən gözləntilər yüksək idi, amma bunu qarşılaya bilmədik" - "Araz-Naxçıvan"ın hücumçusu

13:21 - 27 May 2026

"Araz-Naxçıvan"ın hücumçusu Ramon Maçado Sportal.az saytına müsahibə verib.

- “Araz-Naxçıvan" Premyer Liqada sonuncu turda qalib gəldi. Mövsümü qələbə ilə bitirmək sizə xüsusi nəsə qazandırdı?

Əlbəttə ki, belədir. Mövsümü qələbə ilə başa vurduq ki, bu da vacibdir. Halbuki bu məqam turnir cədvəlindəki mövqeyi dəyişmirdi. Biz özümüzü yaxşı tərəfdən göstərdik və mövsümü pozitiv notlarla başa vurduq. 

- Sonradan meydana çıxdın və yenə də öz qolunu vurdun. Bu mövsüm öz performansını necə dəyərləndirirsən? Səncə, daha yaxşı ola bilərdi, yoxsa maksimum bu idi?

Bu mövsüm üçün böyük gözləntilərim var idi. Amma təəssüf ki, Türkiyədəki mövsümöncəsi toplanışda zədələndim. Bu, performansıma çox təsir etdi. Uzun müddət oynaya bilmədim. Buna baxmayaraq, yenə də 5 qol vura bildim. Startdan məyus olsam da, son bir neçə oyundan məmnun qaldım. Çünki son görüşlərdə qollar vurdum və komandama kömək etdim. 

- Ümumiyyətlə, bu mövsüm "Araz-Naxçıvan"dan da gözləntilər yüksək idi. Səncə, qırılma nöqtəsi harada idi? Avrokuboklarda "Aris" səddini keçdiniz, sonradan "Omoniya"ya uduzdunuz. Bu məğlubiyyət qırılma nöqtəsi idi?

Həqiqətən də, bizdən gözləntilər yüksək idi. Komandaya çoxlu sərmayə qoyuldu, amma bu, futboldur. Gözlənildiyi kimi çıxış edə bilmədik, bunu qarşılaya bilmədik. Şəxsən mən səbəbini bilmirəm, amma inanıram ki, rəhbərlik növbəti mövsüm üçün nə edəcəyini bilir.

- Bu mövsüm "Araz-Naxçıvan" daha iddialı idi, daha iddialı heyət qurulmuşdu. Bəlkə bu, dizbalans yaratmışdı?

İşlərin niyə alınmadığını bilmirəm. Ambisiyamız var idi və daha da irəli getmək istəyirdik. Lakin təəssüf ki, bu mümkün olmadı.

- 2025/2026 mövsümü Azərbaycan Premyer Liqası çox ağır keçdi? "Sabah" "Qarabağ"ın dominantlığına son qoydu. Bu barədə nə deyərdin?

Çempionluq mübarizəsi liqadakı rəqabət səviyyəsini artırdı. "Sabah"ın titulu ölkə futbolunun dəyərini daha da artırır. Mən bura 2021-ci ildə gəlmişəm və bu mövsüm əvvəlkilərdən daha rəqabətli keçdi. 

- Yeni mövsüm Azərbaycanda, "Araz-Naxçıvan"da qalacaqsan? Ümumiyyətlə, sənə "Araz-Naxçıvan"dan təklif gəlib? Yaxud da, başqa klublardan təklif almısan? Özün bu haqda nə düşünürsən?

"Araz-Naxçıvan"dan yeni təklif almamışam. Klubdan mənimlə əlaqə saxlanılmayıb. Müqaviləm artıq bitir. Azərbaycandan bəzi kontaktlar olub, amma rəsmi təkliflər yoxdur. Hələlik necə olacağını bilmirəm. Azərbaycanda qalmaq istəyirəm, amma Asiyadan da təkliflər var. 

Mirbağırağa
 

Xəbər xətti