Yeni müqaviləyə "yox", "Turan Tovuz"da qalmağa "hə" dedi

13:33 - 14 İyul 2026

“Turan Tovuz”un hücumçusu Jo Batişta bir çox təkliflərin olmasına baxmayaraq, Tovuz klubunda qalmağa qərar verib.

Sportal.az saytına verilən məlumata görə, braziliyalı hücumçu müqavilə müddəti başa çatana qədər “Turan Tovuz”da oynayacaq.

Əslində, klub onun müqavilə müddətini artırmaq üçün təklif irəli sürmüşdü. Lakin 31 yaşlı forvard bununla razılaşmayıb və müqaviləsi başa çatdıqdan sonra Azərbaycanı tərk edəcək.

Batiştaya Yaponiyanın “Yokohama Marines” və eyni zamanda Portuqaliya Superliqasında yarışan klubdan rəsmi təklif gəlmişdi. Amma o, sonda “Turan Tovuz”da qalmaq qərarını verib. Futbolçunun müqavilə müddəti 2027-ci il iyunun 30-na qədərdir.
 

Xəbər xətti