Futbola demək olar hər yerdə maraq böyükdür, amma bacarıq, şərtlər və imkanlar bir-birindən çox fərqlənir.
Bizim kimi kiçik futbol ölkələrində dövlətin dəstəyi çox vacibdir. Böyük futbol ölkələrində dövlətin xüsusi dəstəyinə ehtiyac yoxdur, klublar özləri bir dövlət halına gəliblər. Bizdə belə alınmır, heç alınmayacaq da... Söhbət tək bizdən getmir, biz və bizim kimi kiçik futbol ölkələrinin hamısına aiddir.
Qonşu Gürcüstanı götürək. Tbilisinin meri Kaxa Kaladzenin geniş müsahibəsinə baxmışdım bir neçə həftə əvvəl. "Milan"ın əfsanəsi tək futbolun deyil, bütövlükdə ölkə idmanının inkişafı üçün infrastrukturun qurulmasının vacibliyindən danışır. Hal-hazırda Gürcüstan dövlətinin bu istiqamətdə böyük vəsait yatırdığını deyir.
Son illər Özbəkistan futbolunun yüksəlişini görürük."Ölkə futbolu mənim nəzarətim altındadır. Mən onu korrupsiyadan təmizləmişəm" - bu sözləri Özbəkistan prezidenti Şövkət Mirziyayev 2018-ci il, yanvarın 30-da deyib. Həmin açıqlamadan illər sonra bunun bəhrəsini görməyə başlayıblar.
Qırğızastan nümunəsi də var. Ölkə başçısı Sadır Japarov Qırğızıstan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasını bitirib. Hazırda 57 yaşında futbol oynamasını görəndə, topa toxunuşundan hiss olunur ki, cavanlığında bu oyunun aşiqlərindən olub. Qırğızıstan futbolunun inkişafı birbaşa onun nəzarətindədir. Ölkədə futbol infrastrukturuna böyük sərmayələr yatırılır.
Təəssüf ki, biz onlardan geri qalırıq. Bunun əsas səbəbi stadion çatışmazlığıdır. Ölkədə futbol oynamaq üçün meydança qıtlığı mövcuddur. İnkişaf etmək üçün onlarla, yüzlərlə meydançaya ehtiyac var. İnsaf naminə deməliyik ki, bu miqyasda işi həyata keçirmək AFFA-nın imkanları xaricindədir. Bunu yalnız dövlət edə bilər.
Məsələ burasındadır ki, dünyada və regiondakı mürəkkəb geosiyasi vəziyyətdən dolayı Cənab prezident İlham Əliyev həmişəkindən daha məşğuldur. Qeyri-rəsmi 3-cü dünya müharibəsi getdiyi vaxtda hər şeydən uzaq, Bakının küçələrində rahat gəziriksə, bu, böyük siyasətçinin şahmat masasındakı kimi dəqiq gedişləri hesabına mümkün olur. O da məlumdur ki, dövlət əsas imkanlarını Qarabağ İqtisadi Zonanı dirçəltməyə yönəldib. Oraları da ermənilər elə xaraba günə qoyub ki, illərdir quruculuq gedir, hələ də görüləcək işlərin ucu-bucağı görünmür.
Bax, belə bir vəziyyət... Nə qınamaq olur kimisə, nə tələb etmək. Futboldan qat-qat əhəmiyyətli işlər var görüləsi. Amma bu da faktdır ki, geri qalırıq, yerimizdə sayırıq.
Emin Abbasov
saytlarin hazirlanmasi
