“Mançester Yunayted”in sabiq baş məşqçisi Erik ten Haq İngiltərə klubunda Kriştiano Ronaldo ilə niyə uğurlu əməkdaşlıq edə bilmədiyinin səbəblərini açıqlayıb.
Sportal.az xəbər verir ki, Ten Haq öz açıqlamasında maraqlı fikirlər səsləndirib:
“Hər bir top-komanda ulduz futbolçularına dəyər verməlidir, lakin ulduzlar da komanda üçün çalışmalıdırlar. Ronaldo ilə bağlı problem də məhz bundan ibarət idi. “Mançester Yunayted”in futbolçuları onun üçün çalışmağa hazır idilər və onu özlərinə nümunə götürürdülər. Bu məsələdə heç bir anlaşılmazlıq olmamalıdır. Əlbəttə, mən ona xüsusi status vermişdim. Hətta klubda fəaliyyətə başlamazdan əvvəl onunla görüşüb söhbət etmişdim. Necə oynayacağımızı, onun komandadakı rolunu, ondan nə gözlədiyimi və onun məndən, eləcə də komandadan nə gözləyə biləcəyini izah etmişdim.
Amma nəticədə futbolçu özünü meydanda göstərməlidir. Ronaldo isə artıq bütün gücünü ortaya qoymaq iqtidarında deyildi. O, əvvəlki kimi ağrılara dözərək hər gün maksimum güclə çalışa, optimal formasını bərpa etmək üçün məşqlərdə bütün imkanlarını səfərbər edə bilmirdi. Əgər İngiltərə Premyer Liqasında, Çempionlar Liqasında və ya Portuqaliya millisində lazımi fiziki formada deyilsənsə, deməli, uğur qazanmaq şansın yoxdur.
Ronaldo hər zaman fiziki formasına son dərəcə ciddi yanaşan futbolçu kimi tanınıb. Lakin bu təsəvvür tamamilə doğru deyil. Şübhəsiz ki, məhz fiziki hazırlığına göstərdiyi diqqət sayəsində bu qədər yüksək səviyyəyə çatıb. Ancaq müəyyən mərhələdən sonra həmin səviyyəni qoruyub saxlamaq imkanını itirdi. Nəticədə özünü əvvəlki kimi maksimum çalışmağa məcbur edə bilmədi.
İngiltərə Premyer Liqasının tələbləri amansızdır. Əgər artıq oyunun tempinə uyğunlaşa bilmirsənsə, rəqibin cərimə meydançasına daxil olmaqda da çətinlik çəkəcəksən. Ronaldo hələ də qol imkanlarından yararlana bilir, bunu görürük. Lakin o, artıq Premyer Liqanın fiziki güc və intensivlik tələblərinə tab gətirə bilmir. Bunun üçün yüksək fiziki formada olmaq lazımdır”.
saytlarin hazirlanmasi
