Bakı, 10 may 2025 – Dünya Neft və Qaz Kuboku 2025-in ilk buraxılışı bu səhər Azərbaycanın paytaxtı Bakı şəhərində yerləşən “ASK Arena”da rəsmi olaraq start götürüb. Bu beynəlxalq tədbir ilk dəfə olaraq Bakı şəhərində yerləşən Falcon Luxury Travel və Oman mərkəzli Success Sport şirkətlərinin birgə təşkilatçılığı ilə keçirilir. 9-12 may tarixlərini əhatə edən turnirdə Asiya, Afrika və Avropanın aparıcı neft və qaz şirkətlərini təmsil edən 12 mini-futbol komandası (hər komandada 7 nəfər) mübarizə aparır.
Sportal.az xəbər verir ki, açılış mərasimində iştirak edən şirkətlərin rəhbərləri və nümayəndələri arasında bir çox rəsmi şəxslər də yer alıb. Turnirin rəsmi açılışını isə Təşkilat Komitəsinin üzvü və Hakimlər Komitəsinin rəhbəri Camal Əl-Qandur edib və rəmzi lentkəsmə mərasimini həyata keçirib.
Debüt turniri iki kateqoriyada keçirilir: Elit kateqoriya və Master kateqoriya. Master kateqoriyası 40 yaşdan yuxarı oyunçular üçün nəzərdə tutulub. Hər oyunda 15 dəqiqəlik iki hissə olmaqla ümumilikdə 30 dəqiqə oyun vaxtı müəyyən edilib.
Elit kateqoriyada iştirak edən komandalar: SOCAR, SOCAR-KBR, AzəriQaz, Azfar Group (Azərbaycan), Petroleum Development Oman, OQ Group (Oman), Vien Group (Almaniya).
Master kateqoriyada isə aşağıdakı komandalar yer alıb: ENPPI (Misir), Vien Group (Almaniya), Azfar Group (Azərbaycan), Petroleum Development Oman, Abraj Energy (Oman).
Təşkilat Komitəsinin sədri Əli Əl-Maani turnirin uğurla başlamasından məmnunluq hissi keçirdiyini bildirib. O, bu tədbirin uzunmüddətli davamlılığı üçün vacib təməl olduğunu vurğulayıb və turnirin gələcəkdə daha geniş iştirak və inkişaf üçün qlobal neft və qaz şirkətləri arasında şəbəkələşmə platformasına çevriləcəyinə ümid etdiyini qeyd edib. Əli Əl-Maani əlavə edib ki, Təşkilat Komitəsi xüsusilə Körfəz ölkələri və digər regionlardan gələcək buraxılışlarda daha geniş iştirakın təmin edilməsi üçün səylərini gücləndirəcək.
saytlarin hazirlanmasi