"Ayxan Abbasovu postunda saxlamaq lazımdır, amma AFFA onun arxasında dayanmalıdır"

16:22 - 13 Sentyabr 2025

Azərbaycan milli komandasının sabiq müdafiəçisi Deni Qaysumov Sportal.az saytına açıqlama verib.

O, yığma komandamızın DÇ-2026-nın seçmə mərhələsinin Ukrayna ilə(1:1) görüşü haqda danışıb: 

"Ukrayna ilə heç-heçə oynasaq da, komandamızın oyunundan müsbət emosiyalarla ayrıldım. Millidə yerli məşqçinin olması bax budur. Yerli məşqçi həmişə futbolçularla kontaktda olur və öz oyunçularını bilir, tanıyır, onların keyfiyyətinə də bələddir. Üstəlik, Ayxan Abbasov U-21 yığmamızı və “Şamaxı”nı çalışdırır. O, potensiallı oyunçuları çox yaxşı tanıyır. 

Bilirsiniz, düzünü desəm, bizim oğlanların bu oyununa görə sevinirəm! Arif Əsədovla bu oyunu müzakirə etdik, Faiq Hüseynov və Emin Ağayevlə də əlaqə saxladıq. Bütün komanda yaxşı çıxış etdi, Emin Mahmudov və Abdullayev Xaybulayev necə oynadı, sadəcə afərin! Ukrayna komandası isə adına görə çox güclüdür, amma bizim uşaqlar bunu bacardılar!”.

Hazırda Rusiyada məşqçi kimi fəaliyyət göstərən Qaysumov millinin boş qalan baş məşqçi postu haqda da fikirlərini bildirib: "Təbii ki, Ayxanın seçmə mərhələnin sonuna kimi postunda saxlamaq lazımdır. Bununla yanaşı, AFFA onun arxasında dayanmalı, dəstək verməli və ona işləmək imkanı yaratmalıdır".

Millimizin növbəti görüşü Fransa yığmasına qarşı olacaq. Qaysumov, bu görüşdən gözləntilərini bölüşüb və 1995-ci ildə Oserdə keçirilmiş Fransa- Azərbaycan(10:0) görüşün də xatırlayıb: "Həmin matçı xatırlayıram. Mənə o görüş barədə danışmışdılar. Bəzən belə olur da.  Fransa təbii ki, indi də favoritdir. Ümid edirəm ki, Ayxan Abbasov və köməkçiləri rəqibi diqqətlə öyrənəcəklər. Bizim uşaqlar üçün özlərinə inanmaq vacibdir və favoritə qarşı oynamaq həmişə xoşdur! Nəticə və emosiyalar üçün komandamıza təşəkkür edirik".

57 yaşlı mütəxəssis 1995-1998-ci illərdə Azərbaycan millisində 23 oyun keçirib.

Mirbağırağa
 

Xəbər xətti