"Qəbələ"nin kapitanı Murad Musayev Sportal.az saytına açıqlama verib. O, komandasının Misli Premyer Liqasının 13-cü turunda "Araz-Naxçıvan" üzərindəki qələbəsini şərh edib:
"Bizim üçün çox vacib və əhəmiyyətli oyun idi, mütləq şəkildə qalib gəlməliydik. Bunun üçün də çox çalışmalı, çox əziyyət çəkməli idik. Diqqətli oynayaraq, meydanın hər qarışı uğrunda mübarizə aparmalıydıq. Maksimum xal qazanmaq istəyirdik. Bunu da etdik. Bu görüşdə komandanın istəyi və əzmkarlığı əvvəlki oyunlara nisbətən daha çox, daha yaxşı idi. Bunun da nəticəsində qələbə qazana bildik. "Araz-Naxçıvan" çox keyfiyyətli komandadır, heyətində çox yaxşı oyunçular var. Onların oyunçularına baxanda, heyət göstərir ki, çox təhlükəli, yaxşı komandadır. Həftəboyu bu oyuna çox ciddi və çox yaxşı hazırlaşmışdıq ki, qələbə qazanaq. İstəkli olmağımız bizə nəticəni qazandırdı".
Musayev komandasının Premyer Liqadakı ümumi performansını da şərh edib: "Əksər oyunlara baxsaq, komandamız yaxşı futbol oynayırdı. Baxımlı futbol nümayiş etdirirdik, düşünülmüş hücumlar reallaşdırırdıq. Amma sonunu gətirə bilmirdik. Bu da bir az qol vurmağımıza problemlər yaradırdı. Düşünürəm ki, əlbəttə əvvəlki matçlarda da daha yaxşı nəticə ola bilərdi. Yaxşı oynadığımız oyunlarda xallar ala bilsəydik, bu gün mənzərə tam fərqli olacaqdı. Hədəfimiz öncə daha yaxşı komanda, kollektiv formalaşdırmaqdır. Önəmli olan bu mövsüm liqada qalmağımızdır. Şans var ki, yuxarı pillələrə də yüksələk".
Bölgə klubunun kapitanı "Qəbələ"nin 1/8 final mərhələsində "Şəfa" ilə oyunundan gözləntilərini də bölüşüb: "Şəfa" yaxşı komandadır, I Liqada da liderdir. Yaxşı, keyfiyyətli futbolçuları var. Hər bir halda, bizim üçün çətin oyun olacaq. Çünki kubok oyunudur, bir oyundan ibarətdir. Şanslar bərabərdir. Futboldur da, hər şey mümkündür. Fikrimiz, niyyətimiz kubokda da mərhələni keçmək, yaxşı nəticə qazanmaqdır. Allah qoysa, hər şey bizim üçün yaxşı olar".
Mirbağırağa
saytlarin hazirlanmasi
