"Real" Neqreyra işini saqqız kimi uzadır" - La Liqa prezidenti

22:29 - 2 Noyabr 2026

La Liqanın prezidenti Xavyer Tebas “Real"ın Neqreyra işi ilə bağlı araşdırmada iştirakı barədə danışıb.

Sportal.az xəbər verir ki, 2023-cü ildə “Barselona” və klub rəhbərliyinə İspaniya Kral Futbol Federasiyasının (RFEF) Hakimlərin Texniki Komitəsinin (CTA) sabiq vitse-prezidenti Xose Mariya Enrikes Neqreyraya edilən ödənişlərlə bağlı rüşvətxorluq ittihamları irəli sürülüb.

“Onlar Neqreyra işini saqqız kimi uzadırlar. “Real" elə düşünür ki, Neqreyra komandanın oynadığı hər stadionda, hər hakim otağında var. “Real"a xatırlatmaq istəyirəm ki, biz prokurorluğa onlardan daha əvvəl müraciət etmişik.

“Real"ın prezidenti Florentino Peres Neqreyra məsələsi üzə çıxdıqdan sonra altı ay ərzində RFEF-in Direktorlar Şurasında yer alıb. O, ümumi yığıncaqda həmin vaxt dostu olan şəxsin klubunu, yəni “Barselona”nı Superliqada olduğu müddətdə müdafiə edirdi. Görünür, “Barselona”nın Superliqadan ayrıldığı gün hər şey dəyişdi.

Açıq şəkildə bildirmək lazımdır ki, “Barselona”ya qarşı davamlı hücumlar qəbuledilməzdir. Çünki bu məsələ artıq uzun müddətdir davam edir. Lazım gələrsə, “Barselona” məsuliyyət daşımalı olacaq. Lakin hazırda klubun günahı sübuta yetirilməyib və prosesin uzanmasına məhz “Real" çalışır”, – deyə Tebas bildirib.

Xəbər xətti