Qolları sıralayan Ağadadaş Salyanski, milliyə çağırılan Musa Qurbanlı - Ayxan Abbasov göz qabağında olanları görmək istəmir

14:18 - 9 Noyabr 2026

Millinin qarşıdakı oyunlar üçün heyəti açıqlanıb. Əvvəllər əcnəbi məşqçilərin ədalətsiz seçimlərindən yazırdıq, indi özümüzünkünü qınamaq məcburiyyətindəyik. Artıq neçənci dəfədir ki, millinin heyəti açıqlananda anlaşılmaz qərarlarla üzləşirik. 

Ağadadaş Salyanskiyə baxırsan, adamın ürəyi açılır. Bu mövsüm Premyer Liqada meydana çıxdığı 8 oyunda 5 qol vurub, 2 asist eləyib. Xüsusilə, son 2 oyunda vurduğu qollara baxanda ayaqüstə alqışlamaq lazım gəlir gənc oyunçunu. Tipik mərkəz hücumçusu. 

Millinin baş məşqçisi Ayxan Abbasov məhz ona dəvət göndərmək əvəzinə, "Qarabağ"dan Musa Qurbanlını çağırıb. Musa yaxşı hücumçudur, döyüşkəndi, vuran ayağı da var. Amma hazırda optimal formasından çox uzaqdır. 

Millinin axırıncı Litva (1:0) oyunundan sonra Premyer Liqada 5 tur olub. Bu matçlarda həm Ağadadşın, həm də Musanın statistikasına baxın:

Ağadadaş Salyanski ("Araz-Naxçıvan")

"Kəpəz" - 80 dəqiqə
"Sumqayıt" - 85 dəqiqə
"Qəbələ" - oyunda iştirak etməyib
"Zirə" - 75 dəqiqə, 1 qol, 1 asist
"Şəfa" - 90 dəqiqə, 1 qol

Musa Qurbanlı ("Qarabağ)

"İmişli" - 66 dəqiqə
"Neftçi" - 13 dəqiqə
"Sabah" - oyunda iştirak etməyib
"Qəbələ" - 16 dəqiqə
"Turan Tovuz" - 5 dəqiqə 

Bax, belə bir mənzərə. Ağadadaş Salyanskinin oyunu da, göstəriciləri də göz qabağındadır. Amma Ayxan Abbasov bunu görmür, görmək istəmir. 

Əslində, tək Ağadadaş yox, başqa futbolçularla bağlı da yazını uzatmaq olar. Məsələn, niyə Fərid Yusifli? O mövqedə İdris İnqilablıdan tutmuş, yaşlanmış Elvin Camalova qədər fərqli seçimlər etmək olar. Mövzunun ucundan tutub ucuzluğa getməyin mənası yoxdur. Elə yalnız Ağadadaş hadisəsi Ayxan Abbasovun niyyətini ortaya qoyur.

Sportal.az

Xəbər xətti