"Turan Tovuz"un müdafiəçisi Faiq Hacıyev Sportal.az saytına müsahibə verib. O, komandasının avrokuboklardan kənar qalmasına münasibət bildirib.
- Yəqin ki, ölkə kubokunun finalını, "Qarabağ" - "Sabah" oyununu izlədin? Matçdan gözləntilərin nə idi və ehtimal edirdin ki, "Sabah" kuboku qazana bilər, yoxsa "Qarabağ"a çox inanırdın?
- Əlbəttə ki, oyunu izləyirdim. "Qarabağ"ın qalib gəlməsi bizim üçün yaxşı olacaqdı. Ancaq bilirdim ki, final matçıdır və şanslar 50/50-yə olacaq. "Sabah"ı qələbə münasibəti ilə təbrik edirəm.
- "Qarabağ" tərəfi hakimlikdən çox narazılıq etdi. Səncə, hakim oyunun nəticəsinə birbaşa təsir etdi?
- Bu barədə mənim danışmağım düzgün olmazdı. Artıq matç baş tutub və hər şey geridə qalıb. Nəyisə dəyişmək də mümkün deyil.
- "Qarabağ"ın kuboku qazana bilməməsinə görə, "Turan Tovuz" da avrokuboklara yollana bilmədi. Yəqin ki, sizin üçün çox üzücü durumdur. Hər halda, bu da onu göstərdi ki, gərək komanda avrokuboklara vəsiqəni özü təmin edərdi, başqa klubun uğurunu gözləməzdi?
- Əlbəttə. Mən də bunu düşünürəm. Əgər avrokuboklara gedə bilmədiksə, günah özümüzdədir. Çünki bunun üçün yaxşı şanslarımız oldu. Sadəcə dəyərləndirə bilmədik.
- "Turan Tovuz" mövsümü 4-cü pillədə başa vurdu, amma avrokuboklara vəsiqə qazana bilmədi. Buna görə mövsümü sizin adınıza uğursuz hesab etmək olar?
- Xeyr, uğursuz mövsüm deyə bilmərəm. Məncə, yaxşı mövsüm oldu. Düzdür, sonlara doğru daha yaxşı çıxış edə bilərdik. İmkanlardan istifadə edə bilsəydik, daha yaxşı yerlərdə ola bilərdik. Bu mövsümkü səhvlərimizdən dərs çıxarıb, mövsümə yaxşı hazırlaşmağa çalışacağıq.
- Yeni mövsümlə bağlı düşüncələrin necədir? Səncə, daha güclü "Turan Tovuz" görəcəyik, avrokuboklar uğrunda mübarizə aparan komanda?
- Bu mövsüm istədiyimizə çatmadıqsa, yeni mövsüm daha yaxşısını etməliyik. Bunun üçün də komanda olaraq daha çox çalışıb, daha diqqətli olub, Allahın da köməyi ilə yaxşı futbol oynayaraq istəyimizə çatmalıyıq.
- Bəs sənin özün "Turan Tovuz"da qalacaqsan? Klub sənə yeni müqavilə təklifi edib?
- Bəli, "Turan Tovuz"da qalacam. Karyerama bu klubda davam edəcəm.
Mirbağırağa