"Qarabağ"ın "onurğa sütunu" dəyişməlidir - 3 mövqeyə yaxşı futbolçuya ehtiyac var

15:48 - 9 İyun 2025

Premyer Liqada ciddi rəqabətlə üzləşməyib çempionluğa yiyələnən "Qarabağ" avrokuboklarda azarkeşlərə pərişanlıq yaşatdı. Avropa Liqasının Liqa mərhələsində meydana çıxdığı 8 oyunun 7-də məğlub olan təmsilçimiz bu matçlarda xeyli çətinliklərlə üzləşdi. 

"Qarabağ"ı qarşıda növbəti avrokubok mövsümü gözləyir. Lakin komandanın son vaxtlar göstərdiyi performans, xüsusilə də ölkə kubokunun finalındakı sönük oyunu gələcəklə bağlı ciddi suallar yaradır. Açıq-aydın görünür ki, "Qarabağ" güclənməsə, uzağa getmək mümkün olmayacaq. 

Qurban Qurbanov üçün ən önəmli məsələ komandanın "onurğa sütunu"nu yeniləməkdir. "Qarabağ"a ilk növbədə bir stoper, bir dayaq yarımmüdafiəçisi və hücumçu gərəkdir. 

Son illər müdafiənin mərkəzində Bəhlul Mustafazadə - Kevin Medina tandemi yaxşı təsir bağışlasa da, indi bu ikiliyə ümid bağlamaq olmur. Bəhlul açıq-aşkar düşüş yaşayır, xüsusən də avrokubok matçlarında "çatdırmadığı" göz önündədir. Kevin Medina isə son vaxtlar dərin ehtiyata düşüb. Səbəbi bilinməsə də, anlaşılan budur ki, Qurban Qurbanov ona güvənmir. Bu mövqedə daha bir isim Mateus Silvadır, amma braziliyalı stoper kimi həmin effekti vermir. 

Daha bir boşluq yarımmüdafiənin dayaq zonası ilə bağlıdır. Qışda Romaonun gedişindən sonra baş məşqçi həmin mövqeni Benzianın hesabına doldurmağa çalışırdı. Məsələ burasındadır ki, Benzia özü də yol üstədir, klub onunla ortaq məxrəcə gələ bilmir. Amma razılıq əldə olunsa belə, Benzianın avrokubok matçlarında dayaq yarımmüdafiəçisi kimi uğurlu olacağını əminliklə demək olmur. Səviyyəli rəqiblərlə oyunda rəqib hücumlarını dəf etmək, ciddi təzyiq altında müdafiədən çıxması çətin tapşırıq hesab olunacaq onun üçün. Bunların üstünə Patrik Andradenin gedişini də əlavə eləsək, mütləq yaxşı bir dayaq yarımmüdafiəçisinin transferinin şərtləndiyini deyə bilərik. 

Və təbii ki, yaxşı bir hücumçü. Juninyonun gedişindən sonra Nəriman Axundzadə əsas hücumçuya çevrilsə də, avrokuboklarda ona ümid etmək real deyil. Heç şübhə yoxdur ki, "Qarabağ" elə qışdan axtarışlara başlayıb.

Digər mövqelərdə də güclənməyə ehtiyac var. Lakin ən əsas olan "onurğa sütunu"dur. 

Həmid

Xəbər xətti