"Fikrimcə, meydanların vəziyyəti komandalara böyük təsir göstərəcək" - Rəşad Sadıqov

00:28 - 10 Avqust 2025

"Zirə" bu gün yoxlama matçı çərçivəsində "Şamaxı"ya 1:2 hesabı ilə məğlub olub.

Sportal.az xəbər verir ki, oyundan sonra "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov jurnalistlərin suallarını cavblandırıb:

- Bu, yeni mövsümdən əvvəl son yoxlama oyunu idi. Komandanızın hazırkı vəziyyətini necə qiymətləndirirsiniz?

- Bizim üçün mövsüm avrokuboklarda başladı, indi isə bir yoldaşlıq oyunu keçirdik. Ona görə də hazırkı vəziyyətimiz haqqında tam hazırıq demək doğru olmaz. Özünüz də görürsünüz ki, müəyyən analizlər aparırıq. Ümumilikdə komanda hazırdır, sadəcə, zədəlilərimiz çoxdur. Belə ki, bu oyunda daha iki futbolçu zədələndi. Bu, təəssüf doğurur. “Araz-Naxçıvan”la oyunumuz avqustun 18-də olacaq, yəni qarşıda hələ 9 gün var. Mövsümə yaxşı başlamağa çalışacağıq. Baş məşqçi olaraq anlayıram ki, favoritlərdən biri ilə qarşılaşacağıq. Başqa rəqiblə görüşmək daha yaxşı olardı.

- Hücum xəttinə daha bir forvard transfer etmək planlaşdırılırmı?

- Xeyr, planlaşdırılmır. Bizdə Davit Volkov, Yegor Boqomolski, Abdul-Aziz Batibie var.

- Zədəlilərin vəziyyəti necədir?

- Açığını deyim ki, Abdul Azizin zədəsi bizi çox qorxutdu. Sabah səhər vəziyyəti dəqiq bilinəcək. Yeganə sağlam mərkəz müdafiəçimiz Elçin Əlicanov da zədələndi. İlk turun oyununa qədər vaxt var, görək kim sağalıb hazır olacaq. Ruan Renato dünənki məşqdə burnunu sındırdı – bu, gözlənilməz idi. Bəzi futbolçular, məsələn, İssa Cibrilla, “Hayduk”la oyunda zədəli çıxış etdilər. Onları əvəzləmək imkanı yox idi. Ruana əməliyyat lazım deyil, gips qoyulub. Bir neçə məşqi buraxacaq. Brahim Konate kimi bəzi zədəlilər isə daha uzun müddət meydandan kənarda qalacaqlar.

- Mətbuatda sponsorun kluba kifayət qədər vəsait ayırmadığı, buna görə də istədiyiniz transferləri reallaşdıra bilmədiyiniz barədə məlumat yayılıb. Bu, nə dərəcədə doğrudur?

- Təkcə futbol ictimaiyyətində deyil, ümumiyyətlə, insanlar bəzən yerli-yersiz söhbətlər edirlər. “Niyə filan futbolçunu almadınız, niyə bu oyunçunu gətirmədiniz?” – deyə. Biz komandanı əzbər tanıyırıq. Strategiyamız, siyasətimiz bəllidir və bu illərdir belədir. Bu yay da mövcud imkanlara və strategiyamıza uyğun mövqelərə transfer etdik. Sadəcə, əvvəllər heç kim diqqət etmirdi ki, biz əsasən bizdən aşağı mövqe tutan komandalardan futbolçu alırıq. Daha iddialı klublardan oyunçu gətirməyimiz isə nadir hallarda olub. Ona görə də problemimiz yoxdur.

- İki mövsümdür ardıcıl olaraq “Zirə” gümüş medal qazanır, amma yeni mövsümdə bu ənənəni davam etdirmək daha çətin olacaq. Razısınızmı?

- Əvvəlki iki mövsümdə gümüş medal qazanmaq da çətin idi. Heç kim əvvəlcədən bunu bizdən gözləmirdi. Ola bilsin ki, bu dəfə də bizə inam azdır. Əsas məsələ komandanın hazırlığı və göstərəcəyi performansdır. Nəticədə biz öz oyunumuzu düşünürük. Yeni mövsümdə təkcə ikinci yer uğrunda yox, “altılıq” uğrunda mübarizə də çətin olacaq. Bütün komandalar iddialıdır. Bütün oyunlar gərgin keçəcək. Yeganə narahatlıq bəzi meydanların vəziyyətidir, bunu ötən mövsümün sonunda da demişdik. Mətbuatdan da izləyirik. Fikrimcə, meydanlar komandalara böyük təsir göstərəcək.

- “Şamaxı” ilə oyunda dubl komandadan futbolçular da meydana çıxdı. Onların səviyyəsindən razısınızmı? İlk komandada çıxış etmələri mümkündürmü?

- 3-4 futbolçu var ki, onları yaxından izləyirik. Bəzilərini toplanışa dəvət etmişdik. Ancaq ciddi şəkildə irəliləyiş etməlidirlər. Əgər bunu bacarsalar, əsas komanda oyunlarında da görə bilərik.

- Premyer Liqa komandalarının bəziləri süni örtüklü meydanlarda oynayır. Bu sizi narahat edirmi?

- Düzünü desəm, bu məqam məni çox narahat edir. Mövsüm ərzində, məsələn, bizi Tovuza, Gəncəyə bir neçə səfər gözləyir. Kimlərsə evində oynamayacaq və biz onlara ümumiyyətlə getməyəcəyik. Necə olacağını bilmirəm. Amma çempionatda gərgin mübarizə olacağını bilirik.

- Yeni transfer Namik Ələsgərovun hazırkı vəziyyəti necədir?

- O, iki ay komandasız qalıb. Buna görə də vaxt lazımdır. Hazırda zalda məşq edir, tədricən formaya düşəcək. Amma rəsmi oyunlarda yəqin ki, millinin oyunları üçün olan fasilədən sonra meydana çıxacaq.

- Rafael Utsiq barədə bir yenilik varmı? Siz onu 6 həftəlik cəzalandıracağınızı demişdiniz…

- Yox, 6 yox, 4 həftəliyinə dubl komandaya göndərəcəyik. Hələlik heç bir dəyişiklik yoxdur.

Orxan Həsənquluyev

Xəbər xətti