"Benfika"nın kapitanı "Qarabağ"a məğlubiyyəti şərh etdi: "Üzr istəməliyik"

19:33 - 17 Sentyabr 2025

“Benfika”nın kapitanı Nikolas Otamendi Çempionlar Liqasının əsas mərhələsinin açılış matçında Lissabonda "Qarabağ"a 2:3 hesablı məğlubiyyəti şərh edib. 

Sportal.az xəbər verir ki, “O Jogo”ya danışan argentinalı futbolçu Ağdam klubuna uduzduqları üçün azarkeşlərindən üzr istəməli olduqlarını bildirib: 

"Bu, ağrılı nəticədir. Hamımız özümüzü tənqid etməliyik. İndi kiməsə barmaq silkələmək vaxtı deyil, reaksiya vermək vaxtıdır. Mövsüm təzə başlayıb və yol uzun olacaq. Qalib gəlsək belə, heç kim növbəti mərhələyə keçəcəyimizə zəmanət verə bilməzdi. Bizi izləmək üçün biletə pul ödəyərək, stadiona gələnlərdən üzr istəməliyik. Təəssüf ki, 2:0 öndə ola-ola sonda uduzduq. Standart vəziyyətdən qol buraxırsansa, bu, hər zaman pis nəticələrlə sona çatır”.

Qeyd edək ki, "Qarabağ" 2-ci tur çərçivəsində oktyabrın 1-də "Kopenhagen"i qəbul edəcək. "Benfika" isə sentyabrın 30-da "Çelsi"nin qonağı olacaq.

Xəbər xətti