"Kəpəz”in baş məşqçisi Azər Bağırov Qol.az saytına müsahibə verib.
Sportal.az mütəxəssisin fikirlərini diqqətinizə çatdırır:
- Artıq sabahdan məşqlərə başlayırsınız. Mövsümün ikinci hissəsi üçün hazırlıq planı necədir?
- Bəli, sabahdan məşqlərimiz başlayır. Yerli futbolçular hamısı sabahdan hazırlığa qatılacaqlar. Legionerlər isə yanvarın 4-5-dən komandaya qoşulacaqlar. İki hissəli hazırlıq prosesimiz olacaq. Çalışacağıq ki, oyunçuları maksimum dərəcədə hazırlayaq. Taktiki baxımdan bəzi dəyişikliklər olacaq. Eləcə də futbolçuların fiziki durumunu daha da yaxşılaşdırmaq üçün çalışacağıq.
- Komanda hazırlıq müddətində Gəncədə məskunlaşacaq. Lakin hər iki yoxlama oyununu səfərdə - Qəbələdə və Yevlaxda keçirəcəksiniz. Maraqlıdır, seçimi siz etdiyiniz, yoxsa rəqiblər Gəncəyə gəlmək istəmədilər?
- Yanvarın 10-da “Qəbələ” ilə, 17-də isə “Karvan”la qarşılaşacağıq. Səfərdə oynamağımızı xahiş etdilər, mən də normal qarşılaşdım. Böyük ölçüdə heç bir problem yoxdur. Yevlaxla məsafəmiz azdır. Qəbələdə isə həm meydan yaxşı vəziyyətdə olur, həm də həmin matça səfər oyunu kimi yanaşırıq. Fasilədən sonra ilk görüşümüz səfərdə “Qarabağ”a qarşı olacaq.
- Qış fasiləsində komandadan iki legioner ayrıldı. Yenə də gedənlər olacaq?
- Kaçper Rosa və Perdo Qomeşlə yolları ayırmışıq. Digərlərinin gedişi nəzərdə tutulmayıb. Ola bilər bəzi yerli cavan futbolçular var, hansılar ki, 90 dəqiqə forma geyə biləcəkləri klublarla anlaşsalar, perspektivi nəzərə alaraq onlara şərait yaradaq.
- Yeni transferlərlə bağlı vəziyyət necədir?
- Qış dönəmində heyəti gücləndirməklə bağlı çətinliklər olur. Bizim də bu yöndə işlərimiz gedir. İnanıram ki, mövsümün ikinci hissəsinin startına qədər istədiyimizi gerçəkləşdirə biləcəyik.
- Mətbuatda Xorvatiyanın “Varazdin” klubunda forma geyən millimizin yarımmüdafiəçisi Rüfət Abdullazadə ilə maraqlandığınız, onun icarə əsasında komandaya cəlb olunacağı barədə xəbər yayılıb. Bu, nə dərəcədə doğrudur?
- Rüfət çox yaxşı futbolçudur. Hər komanda onu heyətində görmək istəyər. “Kəpəz”ə gəlib-gəlməyəcəyini zaman göstərəcək. İnanıram ki, hər şey “Kəpəz”sevərlərin ürəyincə olacaq. Həm də reallıqlar var ki, onları nəzərə alaraq yolumuza davam edəcəyik.
saytlarin hazirlanmasi
