"Qarabağ"ın bu oyunda əsas problemi “Nyukasl”ın fiziki cəhətdən üstün olmasıdır"

10:33 - 18 Fevral 2026

"Qarabağ"ın sabiq müdafiəçisi Zaur Həşimov Sportal.az saytına müsahibə verib.

- “Qarabağ” bu gün Çempionlar Liqasının pley-off mərhələsində “Nyukasl”la qarşılaşacaq. Bu görüşdə Ağdam təmsilçisinin hansı nəticəni göstərəcəyini ehtimal edirsiniz?

"Qarabağ"ın rəqibi İngiltərənin köklü klublarından biri olan “Nyukasl”dır. Çox maraqlı oyunun şahidi olacağıq. Bu, dəqiqdir. Düzünü deyim, “Qarabağ”ın “Nyukasl”la görüşü haqda pozitiv düşünürəm. Necə olacağını isə oyunda görəcəyik.

- "Qarabağ"ın son vaxtlardakı sıx qrafikini nəzərə alsaq, futbolçularda “Nyukasl”la görüşdə yorğunluq ola biləcəyini ehtimal edirsiz?

"Qarabağ"ın sıx qrafikdə oynaması, bu gün meydanda öz təsirini göstərəcək. Düşünürəm ki, məşqçilər heyəti bunu rotasiya edib, əvəzetmələrlə də kompensasiya etməyə çalışacaq.

- Ümumiyyətlə, İngiltərə klublarına qarşı hər bir ölkə təmsilçisinin çətinlik çəkdiyi aydındır. Sizcə, “Qarabağ” üçün bu görüşdə əsas problemi və çatışmazlıq nə ola bilər?

Hazırkı “Nyukasl” oyunboyu daim presinq edir. Özü də, sürətli əks-hücumlara çıxırlar. “Qarabağ”ın bu oyunda əsas problemi “Nyukasl”ın fiziki cəhətdən üstün olmasıdır. 

- “Qarabağ” bu mövsüm ilk dəfə deyil ki, İngiltərə klublarına qarşı oynayacaq. Azərbaycan çempionu bu mövsüm “Çelsi” ilə bərabərə qalıb(2:2), “Liverpul”a 0:6 uduzub. Ümumiyyətlə, həmin görüşlərdə “Qarabağ”ın performansı necə idi?

“Çelsi”yə qarşı Bakıda qazanılan bir xal komandanın özgüvənini daha da artırmışdı. Bu, həm də futbolumuz üçün tarixi qələbə idi. “Liverpul”la oyunda isə klublar arasındakı səviyyə fərqinin böyük olduğunu gördük.

- “Qarabağ”ın “Nyukasl”ı keçməsi yəqin ki, daha böyük sürpriz olacaq? Proqnozunuz necədir?

Təbii ki, “Qarabağ”ın “Nyukasl”ı keçməsi əsl sensasiya olacaq. Düzdür, favorit “Nyukasl”dır. Amma mən şansların 50/50-yə olduğunu düşünürəm.

Mirbağırağa
 

Xəbər xətti