"Sabah" çempionluq yarışında "Qarabağ"a layiqli rəqibdir" - MÜSAHİBƏ

14:22 - 8 Mart 2026

"Qarabağ"ın sabiq forvardı Samir Musayev Sportal.az saytına müsahibə verib.

- "Qarabağ" Premyer Liqanın 22-ci turunda "Sabah"la 3:3 oynadı. Həmin matçda "Qarabağ"ın performansını necə dəyərləndirirsiniz? Ağdam klubunun bu matçda qalib gələ bilməməsinin səbəbi nə idi?

Çox maraqlı oyun alındı. Çempionatımız hələ bu cür maraqlı oyun görməmişdi. İstədiyimiz də budur ki, bütün oyunlar belə keçsin. Hər iki komanda yaxşı oyun sərgilədi. Hiss edildi ki, əsl çempionluq yarışı maraqlı keçəcək. “Qarabağ”ın qalib gələ bilməməsinin səbəbi odur ki, “Sabah” yaxşı oynadı. Üstəlik, “Qarabağ” hələ ki yorğunluqdan tam çıxa bilməyib. Amma yenə də geri dönüş edə bildilər. Performans olaraq, hər iki komanda bu matçda yüksək səviyyədə idi.

- "Qarabağ" bu görüşdə uduzsaydı, demək olar ki, çempionluğun taleyi həll olunacaq və "Sabah" böyük üstünlük əldə edəcəkdi?

Əlbəttə, bu oyun “Qarabağ” üçün çox vacib idi. Çempionluq məsələsi həll oluna bilərdi. 0:3-dən sonra oyunu dəyişmək hər komandanın bacaracağı iş deyil. Lakin “Qarabağ” bunu bacardı, ən azından uduzmadı. Demək ki, çempionluq uğrunda oynayan komanda 3:0 üstünlüyü ola-ola da, “Qarabağ” kimi komandaya qarşı arxayınlaşmamalıdır. Çünki “Qarabağ” bunu bağışlamır və bu cür durumlar üçün böyük təcrübəsi var.

- “Qarabağ"ın avrokuboklardan sonra yorğun göründüyünü demək olar? Mövsümün qalan hissəsində "Qarabağ"ın çempionluq mübarizəsi üçün gücü çatacaq? Nəzərə alsaq ki, mövsüm avrokuboklara görə də ağır keçib...

Dediyim kimi, “Qarabağ” yavaş-yavaş həmin yorğunluqdan çıxır və bundan sonra çempionatda tamam başqa “Qarabağ” görəcəyik. Premyer Liqada daha maraqlı keçəcək. “Qarabağ”ın çempionat üçün lazımı qədər gücü var. Sona oyuna qədər onlar mübarizə aparacaq.

- Maraqlıdır ki, "Qarabağ" ölkə kubokunun yarımfinalında da "Sabah"la qarşılaşacaq. Erkən final adlandırmaq olar. "Qarabağ" əsl gücünü yenidən sübut etmək üçün "Sabah"ı həm liqada, həm də kubokda məğlub edərək göstərmiş olacaq? 

Elə ona görə deyirəm ki, çempionat bundan sonra daha maraqlı olacaq. Tək mən yox, çox adam yarımfinalı erkən final kimi görür. Beləliklə, komandalar bundan sonra da hələ 3 dəfə qarşı-qarşıya gələcək. Hər üç matç da maraqlı keçəcək. Əlbəttə ki, “Sabah” çempionluq yarışında “Qarabağ”a layiq komandadır.

- “Qarabağ"ın heyətində yayda çoxlu dəyişiklik lazım olduğunu düşünürsünüz? Bəhlul Mustafazadə zədəlidir, Sami Mmae əvəzedici heyətdədir, Leandro Andrade son vaxtlar nədənsə çox şans görmür, gedəcəyi ehtimal edilir, Nəriman Axundzadə ayrıldı... 

Bu məsələlər “Qarabağ”ın məşqçilər korpusunun biləcəyi işdir. Ona görə də, yayda nələr olacaq, onu onlar daha yaxşı bilir. Bu məsələyə fikir bildirmək doğru deyil. Amma düşünürəm ki, yayda komanda daha yaxşı olacaq.

Mirbağırağa
 

Xəbər xətti