“Tottenhem”in və Mərakeş millisinin sabiq yarımmüdafiəçisi Adel Taarabt 37 yaşında futbolçu karyerasını başa vurub.
Sportal.az xəbər verir ki, Taarabt sosial şəbəkələrdə bu haqda məlumat verib:
“Bilirdim ki, bu gün gələcək. Bu fəsli bağlamağın vaxtı çatdı. Futbol uzun illər həyatımın mühüm bir hissəsi olub. Mənə möhtəşəm xatirələr bəxş edib, inanılmaz insanlarla tanış olmağa və heç vaxt unutmayacağım anlar yaşamağa imkan verib.
Sadəcə oynadığım hər kluba, hər məşqçiyə, hər komanda yoldaşıma, hər əməkdaşa və əlbəttə ki, bütün karyeram boyunca mənə sevgi göstərən hər bir azarkeşə təşəkkür etmək istəyirəm. “Lans”dan “Əl-Şarca”ya qədər təmsil etmək şərəfinə nail olduğum bütün klublara tariximin bir parçası olduqları üçün təşəkkür edirəm. Mərakeş millisində oynamaq isə həmişə qəlbimdə xüsusi yer tutacaq.
Yaxşı anlar da oldu, çətinliklər, səhvlər, möhtəşəm axşamlar da... Hər şey yaşandı. Amma mənim yolum belə idi və onu dəyişmək istəməzdim."
Qeyd edək ki, Taarabt “Lans”ın yetirməsidir. Karyerası ərzində həmçinin “Tottenhem”, “Kuinz Park Reyncers”, “Fulhem”, “Milan”, “Benfika”, “Cenoa”, Dubayın “Əl-Nəsr” və “Əl-Şarca” klublarında çıxış edib. Mərakeş millisində yarımmüdafiəçi 30 oyun keçirib və 4 qol vurub.
saytlarin hazirlanmasi
