"Musa Qurbanlı İsveçdə gənc və istedadlı futbolçular arasında göstərilir"

14:55 - 29 Mart 2024

“Musanın milli komandanın heyətində Bolqarıstana qol vurması çox yaxşı oldu. Hücumçunun meydanda əsas rollarından biri qol vurmaqdır. Millidə qol vurması özünəinamı artıracaq”. 

Bu sözləri Sportal.az saytına açıqlamasında Valeh Qafarov deyib. Uzun illərdir ki, İsveçdə yaşayan azərbaycanlı futbol məşqçisi “Yurqorden”in və Azərbaycan millisinin hücumçusu Musa Qurbanlı barədə danışıb. İsveçdə “Karslund” klubunda məşqçi kimi fəaliyyət göstərən Qafarov millimizin forvardının klubundakı durumunu dəyərləndirib:

“Yurqorden”ə yeni forvard rəqabət üçün dəvət edilib və yeni hücumçuya baxmayaraq, burada hamı Musaya inanır. Klubda başqa mövqelərə də transferlər ediblər. “Yurqorden” İsveçin ən iddialı klublarındandır və hər il yeni oyunçular transfer edirlər. Klubun direktoru Bosse Andersson işini çox gözəl bilir, klub üçün də çox gözəl işlər görür. O, İsveçdə ən sevilən və tanınmış insanlardandır. Musa gənc və istedadlı oyunçudur. Hər bir futbolçu daha çox oynamağı istəyir və harada oynamağından asılı olmayaraq hər bir futbolçuya oyun praktikası çox vacibdir”.

Onun sözlərinə görə, “Yurqorden”də Musaya güvənirlər: “Musa İsveçdə gənc və istedadlı futbolçular arasında göstərilir. Burada Musaya inanırlar. O, həqiqətən də işini çox sevir və öz üzərində çox işləyir. Əsl peşəkardır. Amma bir şeyi nəzərə almaq lazımdır ki, burada hər şey fərqlidir. Yeni iqlim, yeni həyat tərzinə öyrəşir, burada futbolun, çempionatın səviyyəsi fərqlidir. Buna görə də birdən-birə hər şeyə nail olmaq olmur. Bunlara alışmaq üçün və yaxşı nəticəyə çatmaq üçün zaman lazımdır”.

Mirbağırağa

Xəbər xətti