"Fransa ilə görüşdə millimizdən "faciə" gözləyənlər futbolumuzun düşmənləridir" - MÜSAHİBƏ

13:22 - 13 İyun 2025

Azərbaycan millisinin sabiq müdafiəçisi Saşa Yunisoğlu Sportal.az saytına müsahibə verib.

- Azərbaycan millisi Macarıstanla görüşdə də uduzdu. Səncə, milli bu görüşdə uğurlu nəticə qazana bilərdi, yoxsa necə? Düşünmək olar ki, millimiz hətta San-Marinoya qalib gələ bilməz indi? 

- İnanmıram ki, millimiz San-Marinoya da uduzsun, daha o qədər olmaz. Bu son iki oyuna baxsaq, fikrimcə futbolçular ağır mövsümdan sonra yorğun görünürdülər. Bəziləri il ərzində 50-yə yaxın oyun oynadılar. Belə əhəmiyyətsiz yoldaşlıq oyunlarına güc və motivasiya tapmaq çox çətindir. Hamı dincəlmək istəyir. Çünki 10-15 gündən sonra artıq gələn sezona hazırlıqlar başlayacaq. Macarıstan çox yaxşı,səviyyəli, güclü klublarda oynayan  futbolçulardan ibarət bir komandadır. Onların səviyyəsi imkan verir ki, mövsümün sonunda keyfiyyətli futbol göstərsinlər. 

- Həmin görüşdə uğurlu nəticə qazanmaq olardı?

- Görünürdü ki, macarlar da bütün gücünü ortaya qoymurdular.  Latviya isə öz evində oynayırdı və Albaniyə ilə seçmə mərhələnin görüşünə hazırlaşırdı. Onlar  bizimlə oyuna çox ciddi yanaşdılar. Nəticədə bu oyunlarda qələbə qazana bilmədik. 

- Azərbaycanda çox mütəxəssis düşünür ki, millimizdə, futbolçularımızda milli ruh yoxdur. Siz də belə düşünürsüz? 

İnanmıram ki, millidə oynayan oyunçular meydançaya çıxanda məsuliyyəti dərk etmir. Bu, mümkün deyil. Deməzdim ki, milli ruhun yoxluğundan əziyyət çəkirik. Millimizin səviyyə problemi var. Futbolçular bacardığı qədər oynayırlar. 

- Bəlkə heyəti sıfırdan yığmaq lazımdır? 

Hazırda millidə yığılan uşaqların 95 faizi Azərbaycanın ən yaxşılarıdır. Demək olar ki, hamı Azərbaycan çempionatında oynayır. Mahir Emreli və Renat Dadaşovu çıxmaq şərtilə, belədir. Türkiyə birinci liqasını və Albaniyə çempionatını isə saymıram. Çünki bu çempionatlar bizim Premyer Liqadan güclü deyil. Bizim Premyer Liqamız da lazım olan səviyyədə deyil. Azərbaycanda şou göstərən futbolçular Avropada rəqiblərə bütün komponentlərdə uduzurlar. Burda ruhdan söhbət gedə bilməz axı. Yenidən heyəti də qura bilməzsən. Çünki daha futbolçu da qalmayıb. 

- Necə düşünürsüz, əsas problemimiz nədədir, baş məşqçidə, yoxsa futbolçuda? Qarşıda millimizi Fransaya qarşı oyun gözləyir. "Oser faciəsi"nin təkrarlanacağını gözləyənlər var. Siz də bunu düşünürsüz? 

- Azərbaycan futbolun və milli komandamızın problemləri hamıya məlumdur. Bu problemlər nə futbolçulardadır, nə də baş məşqçidə. Futbolumuzun səviyyəsini yüksəltmək lazımdır. Amma necə qaldıraq? Əgər Premyer Liqa klubları məşq etməyə meydança tapa bilmirlərsə, təsəvvür edin uşaq futbolu hansı vəziyyətdədir. Birinci növbədə infrastruktur çox önəmlidir. Sənin yaxşı zavodun olmasa, yaxşı səviyyəli maşını necə istehsal edəcəksən?  Milli komandada azərbaycanlılar oynayır, amma futbolçu yetişdirməklə bağlı problemlər var. Çünki infrastruktur yoxdur. Uşaqlar oynadıqları meydançalar bərbad vəziyyətdədir. Üstəgəl, yaxşı milli komandanın olması üçün azı 15-20 azərbaycanlı futbolçu yaxşı liqalarda legioner həyatı yaşamalıdırlar ki, millinin baş məşqçisinin də Avropada oynamağa bacaran futbolçulardan seçimi olsun, o da yoxdur.

Yaxşı hal odur ki, AFFA rəhbərliyi yavaş-yavaş bu problemləri aradan qaldırmağa başlayıb. İnkişaf yolunda düzgün atdımlar atmağa start vermişik. Amma biz çox gecikirik, müasir futbolu sürətli şəkildə qabağa gedir. Fernandu Santuş isə çox yaxşı təcrübəli məşqçidir, bizə xeyir verə biləcək bir məşqçidir. Amma düşünürəm ki, indiki inkişaf dövründə o bizə heç cür kömək edə bilməyəcək. Futbolu maşınlarla müqayisə edək. Tutalım ki, millimiz indi “Lada 07”yə bənzəyir, "Formula1” deyil ki, "07" sürmək üçün Şumaxer çağırmağa ehtiyac yoxdur. Bizim öz “avtoşlar”ımız var. Bizim kifayət qədər bacarıqlı yerli mütəxəssislərimiz var. Hansılar ki, canla-başla millimizin başında dura bilərlər. 

Fransa oyun qabağı isə nəsə demək çətindir. Təbii ki, Fransa dünya səviyyəsində ən yaxşılardandır. Amma bu futboldur hər şey ola bilər. Şəxsən mən millimizdən yaxşı, layiqli mübariz oyun gözləyirəm. Fransa ilə görüşdə millimizdən "faciə" gözləyənlər futbolumuzun düşmənləridir. Millimizə uğurlar arzu edirəm.

Mirbağırağa

Xəbər xətti