Əcnəbi məşqçilərin uğursuzluqlarına bəraət qazandırmaq adəti federasiyanın köhnə rəhbərliyindən qalıb indikilərə. Amma Santuş millimizin başına elə bir oyun açıb ki, bunun nə tutarlı səbəbi var, nə də bəraəti.
10 oyuna 8 məğlubiyyət, 2 heç-heçə üçün Avropa çempionu lazımıydı bizə? Bunu futbolçularımız meydana məşqçisiz çıxıb özləri də edə bilərdi. Yəni, bundan betəri olası deyildi...
Bu məsələdə əsas günahı AFFA-da görən həmkarlarımız da tam haqlıdır. Santuşdan daha çox günah onu bu vəzifəyə təyin edənlərdədir. Halbuki o vaxt da bütün mətbuat dad edirdi ki, pulu dağıtmaq lazım deyil. O başqa mövzudur ki, Santuşun məşqçiliyi çoxdan bitib. Amma millimizin başına hətta çox güclü əcnəbi gətirilsəydi belə, böyük nəticələr olmayacaqdı.
AFFA rəhbərliyi qərarsızdır. "Beşiktaş"a bağlı "dostlar" bizimkiləri elə oyuna salıblar ki, nə edəcəklərini bilmirlər. Santuşu nə çıxarmaq olmur, nə də saxlamaq.
Portuqaliyalı mütəxəssis çox yaxşı başa düşür ki, bundan sonra çətin bir də qabağına AFFA kimi "yağlı" variant çıxa. Heç kim pulunu çölə atmır ki, təqaudçü adama gətirib milyonlar versin.
Görünən odur ki, dünya çempionatının seçmə mərhələ oyunlarına da Santuşla gedəcəyik. Fransa, Ukrayna və İslandiya yığmaları bizi gözləyir. Ümid yenə Santuşa qaldısa, "onda toyumuz mübarək"!
Həmid
saytlarin hazirlanmasi