"Fernandu Santuşu pisləsəm, düzgün çıxmaz, amma Ayxan Abbasovu daha yaxşı başa düşürdük" - MÜSAHİBƏ

14:48 - 21 Noyabr 2025

"Qarabağ" və Azərbaycan milli komandasının müdafiəçisi Abbas Hüseynov Sportal.az saytına müsahibə verib.

- Azərbaycan millisinin tsikldə oyunları başa çatdı. Yığma komanda bir xalla sonuncu pilləni tutdu. Tsikl başlayanda başqa cür olacağını düşünürdün? 

Bəli, tsikli 1 xalla başa vurduq. Amma biz vuruşduq, əlimizdən gələni etdik. İnanıram ki, gələcəkdə hər oyuna qələbə üçün çıxacağıq. 

- Fernanduş Santuşun rəhbərlik etdiyi milli ilə Ayxan Abbasovun baş məşqçisi olduğu komanda arasında hansı fərqlər var idi? 

Fernandu Santuşu pisləsəm, düzgün çıxmaz. Çünki o da millidə baş məşqçim olub. Məni heyətdə oynadıb, şans verib. Amma onu deyə bilərəm ki, biz Ayxan Abbasovu daha yaxşı başa düşürdük və hər mənada daha da yaxşı oyun sərgilədik. Çünki azərbaycanlı futbolçuları tanıyır. Hamı ilə düzgün danışıb, detallı şəkildə izah edirdi.

- Tsiklin son iki görüşündə İslandiya və Fransaya da uduzdunuz. Bu matçlarda nəticə qazanmaq mümkün idi?

İslandiya ilə matçda real qol şanslarımız oldu. Sadəcə sonluğu gətirmək alınmadı. Çox heyf.  Amma biz irəliyə baxmalıyıq. İnanıram ki, hər şey düzələcək. Fransaya qarşı matç isə çətin oldu. Ancaq yenə də əlimizdən gələni etdik. Bilirsiz ki, Fransa millisinin oyunçuları başqa səviyyədədir. Bu, reallıqdır. Lakin istənilən halda, biz də sona qədər vuruşduq.

- Daha çox “Abbas Hüseynov niyə oynayır?” sualları gündəmə gəlmişdi. Səncə, nəyə görə məhz sənin adın hallanırdı? Çünki millidə əksər futbolçular öz klubunda oynamır... 

Bu barədə fikir bildirmək istəmirəm. 

- Ayxan Abbasov millidəki postunda qalmaq ehtimalı haqda nə deyə bilərsən? Onun rəhbərliyi altında milli komandamız Millətlər Liqasında D divizionundan C divizionuna yüksələ biləcək? 

Bəli, məncə D divizionundan C liqasına yüksələ bilərik. Allah qoysa, bunu edəcəyik.

- Daha çox oyun praktikası qazanmaq üçün qışda komandanı dəyişmək istəyirsən, yoxsa “Qarabağ”da qalaraq əsas heyət uğrunda rəqabət aparacaqsan? 

Hər mənada rəqabət aparmağa hazıram. Rəqabətdən də çəkinmirəm. Düzü nədirsə, onu da edəcəm. 

- Bildiyim qədərilə “Aris”, “Apoel”, “Akron” klubları səni istəyirdi. O klubların təklifindən imtina etdin? 

Bəli, belə söhbət var idi. Amma bu haqda çox danışmaq istəmirəm. 

- "Qarabağ"ı Çempionlar Liqasının 5-ci turunda “Napoli”yə qarşı oyun gözləyir. Bu matç barədə fikrin necədir?

Bu görüş haqda çox yaxşı fikirdəyəm. Kollektivimizə çox inanıram. Neapola uğurlu nəticə üçün gedəcəyik. Əlimizdən gələni edəcəyik ki, uğurlu nəticə qazanaq.

Mirbağırağa
 

Xəbər xətti