"Qarabağ"ın Çempionlar Liqasında bu qədər yaxşı çıxış edəcəyini gözləmirdim. Onlar əsl keyfiyyət nümayiş etdirdilər, bütün rəqiblərin də onlara hörmət etdiyi aşkardır. Onlar heç vaxt nəticəni qorumaq üçün geriyə arxayınlaşmırlar, həmişə böyük inamla hücum edirlər və heç vaxt təslim olmurlar. Taktiki cəhətdən çox yaxşı təşkilatlanıblar. "Qarabağ"ı Avropanın böyük komandaları ilə müqayisə etmək olar və inanıram ki, növbəti mərhələyə çıxmaq üçün real şansları var".
Bu sözləri Sportal.az saytına açıqlamasında Miro Varvodiç deyib. "Qarabağ"ın sabiq qolkiperi Ağdam təmsilçisinin avrokuboklardakı uğurlu nəticələrindən bəhs edib. Varvodiç 13 il əvvəl Avropa Liqasının pley-off mərhələsində “Ayntraxt”a qarşı (0:2) Bakıda keçirilmiş həmin görüşü də xatırlayıb:
“Əlbəttə ki, həmin oyunu çox yaxşı xatırlayıram. "Qarabağ"ın o vaxtkı ilə indiki arasındakı əsas fərq çoxdur, əsas da təcrübə baxımından. Bu gün "Qarabağ" Avropada hörmətli bir komandadır. Amma biz o vaxtı da yaxşı oynayırdıq, sadəcə kiçik səhvlərə görə qollar buraxmışdıq. Avropadakı təcrübə oynanılaraq qazanılır. Necə ki, hazırda bunu "Qarabağ" edir. Həmin vaxtlarda heç kim bu cür səviyyəli matçlarda oynamamışdı. Bu gün isə vəziyyət tamamilə fərqlidir. Biz “Ayntraxt”la matçlarda ən yaxşısını etməyə çalışmışdıq. “Qarabağ” indi Avropa yarışlarında təcrübəyə, daha keyfiyyətli və hər cəhətdən daha yaxşı təşkilatçılığa malikdir. Bu gün onların təcrübəli oyunçuları və hər mövqedə güclü əvəzediciləri var. “Qarabağ”a uğurların davamını arzulayıram. "Ayntraxt"la görüşdə "Qarabağ" istədiyi nəticəni qazana bilər".
Mirbağırağa
