"Oyunçularımı təbrik edirəm. Bizə dəstək olan azarkeşləri də təbrik edirəm. Düzdür, çempion olmaqxəbəri gəldikdən sonra bu oyuna köklənmək bir qədər çətindir. Yenidən özündə güc tapmalısan. Bu da bir qədər çətindir. Çünki bu oyunun nə qədər olmasa da, əhəmiyyəti itir, turnir cədvəli baxımından əhəmiyyət kəsb etmir. Amma futbolçularıma təşəkkür edirəm. Onlar özlərində güc tapdı, meydana motivasiyalı şəkildə çıxdılar. Həqiqətən də göstərdilər ki, biz layiqli şəkildə çempion olmuşuq. Çox xoşbəxtəm. "Şamaxı" çox yaxşı komandadır. Yaxşı oynayırlar. Bu cür komandaya 3 qol vurmaq asan deyil. Hər iki hissədə qol fürsətlərimiz oldu ki, onlardan istifadə edə bilmədik. Oyunun böyük hissəsini dominant kimi keçirdik. Futbolçularıma peşəkar davranışlarına, loqoya hörmətinə görə hər birinə təşəkkür edirəm. Hər biri ən yaxşı sözlərə layiqdir".
Sportal.az xəbər verir ki, bu sözləri “Sabah”ın baş məşqçisi Valdas Dambrauskas Misli Premyer Liqasının 30-cu turunun “Şamaxı”ya qarşı görüşündən sonra keçirilmiş mətbuat konfransında deyib.
O, jurnalistlərin suallarını da cavablandırıb.
- Bundan əvvəl çalışdığınız klublar çempionluğu əvvəl də yaşamışdı. Amma "Sabah"da bunu ilk dəfə etdiniz. Yəqin ki, fərqli hisslər yaşayırsız?
- Bu, mənim üçüncü çempionluğumdur. Litvada və Bolqarıstanda çempionluq yaşamışam. Xorvatiya və Bolqarıstanda kubok qazanmışam. Bu, mənim ən böyük nailiyyətlərimdən biridir. "Jalqris" və "Ludoqorets"ə də hörmətlə yanaşıram. Orada çempionatda mütləq qalib gəlməlisən. Amma bizim bu cür klubla, bu cür yanaşmamızla əldə etdiyimiz uğur həqiqətən böyükdür. Yanlış xatırlamıramsa, artıq 9 ay olar ki, biz uduzmuruq. Çoxlu qollar vurmuşuq. Onu da qeyd edim ki, Azərbaycan çempionatı güclüdür. Yaxın müddətdə daha da inkişaf edəcəyini düşünürəm. Çempionlar Liqasında pley-off oynamış komandanı keçərək çempion olmaq böyük nailiyyətdir. "Sabah" ailəsinə təşəkkür edirəm. Təmizlik işçisindən prezidentimizə qədər minnətdaram, bu nailiyyətdə toxunuşu olan hər bir adama təşəkkür düşür.
- Avrokuboklara gedəcək Azərbaycanın 4-cü komandası "Sabah"dan asılıdır. "Sabah" - "Zirə" matçı haqda nə fikirləşirsiz? Çempion olduğunuza görə, hansısa rahatlıq olmayacaqki?
- Nəyə görə bizdən asılıdır? Bəlkə "Zirə"dən asılıdır.
- "Qarabağ" 2-ci yeri tutsa, "Zirə" kuboku qazanarsa, Ağdam təmsilçisi Konfrans Liqasına yollanacaq...
- Onun bizimlə nə əlaqəsi var ki? Kubok bir oyundan ibarətdir. Kim daha yaxşı çıxış edəcək, daha az səhvə yol verəcəksə, qalib olacaq. Nə bizim üçün,nə "Zirə"nin oyunçuları, baş məşqçisi üçün kimin 2-ci və ya 3-cü, ya 4-cü yeri tutacağı, önəmli deyil. Hər kəs meydana çıxaraq, işini görəcək. Bizim üçün kubok çox önəmlidir. Tarix yazmaq niyyətindəyik. Biz meydana çıxarkən, başqa şeyləri düşünməyəcəyik. Kimlər final görüşümüzdən xeyir əldə edə bilər, kim hara gedə bilər, bu, bizim üçün önəmli deyil. Biz meydana çıxacağıq ki, kuboku qazanaq.
- Bu gün debüt edən Cəfər Muxtarov haqda fikriniz necədir? Onu heç II Liqa klubları da komandaya götürmək istəmirdi, amma bu gün siz ona karyerasında böyük şans verdiniz...
- Onun bizim əsas komandamıza qoşulması qəribə oldu. Milli komandalara görə yaranmış fasilədə bizə əvəzedici heyətdən gələrək məşqlərə qoşuldu. Gördüm ki, onun çox yaxşı keyfiyyətləri var, topa yaxşı nəzarət edir. İlk ötürməsi də çox yaxşıdır. O, bizim məşqlərə çox uyğun gəldi. Komanda olaraq daha çox top saxlayırıq, önə oynayırıq. Onda da bu keyfiyyətlər var idi. Oktyabrdan bu yana bizimlə məşq edir. Düzdür, meydanda çox dəqiqələri əldə etməyib. Amma bu gün ona dəstək olmağa çalışdıq. Məşqlərdə iştirak edən oyunçularımızın uğurumuzda toxunuşu var idi. Ona görə bu gün də biz onlara həmin mükafatı verdik. Debüt etməyə layiq idilər. Bizim kimi çempion olan komandalarda standartlar çox yüksək olur, rəqabət yüksəkdir. Bəzən oyunçular çox məşq etsələr də, onlara fürsət verməyə imkan olmur. Cəfər Muxtarov da daxil olmaqla bu cür oyunçular eqolarını komanda üçün tərk edirlər. Əllərindən gələni edirlər ki, məşqimiz çox yüksək səviyyədə keçsin. Cəfər Muxtarov milli komanda da nəzərdən keçirməlidir. Komandalar daha çox topa nəzarət etmək istəyiriksə, bu cür oyunçulara önəm vermək lazımdır. Açar ötürmələr verir. Gələcək nəyi göstərər, deyə bilmərəm. Amma o, bu gün oynamağa layiq idi.
Mirbağırağa
saytlarin hazirlanmasi
