Yığma komandamızın əsas üzvlərindən olan Elvin Camalov əvvəlcə zədə, daha sonra orta sahədəki rəqabət üzündən bu mövsüm "Neftçi"də lazımınca oyun praktikası qazana bilməyib. Halbuki ötən qış komandaya qoşulan Camalov hətta uğursuz çıxış fonunda ən yaxşılardan biri kimi göstərilirdi.
Klubdakı vəziyyəti onun millidəki durumuna da təsir edib və Camalov bir müddətdir ki, yığmadan aralı düşüb. Sportal.az saytının əldə etdiyi məlumata görə, təcrübəli yarımmüdafiəçi yeni mövsümə daha çox oyun praktikası qazanacağı klubda başlamaq istəyir. "Neftçi" ilə müqaviləsi bitən Camalovun bir neçə təklifi olsa da, seçimində yanılmamaq üçün bütün nüansları götür-qoy edir.
Elvin Camalov millidəki mövqeyini də geri qaytarmaq niyyətindədir. Əslində, onun yığmanın qarşıdakı toplanışına dəvət almaq ehtimalı da var. Çünki Camalov bu mövsüm "Neftçi"nin heyətində hətta sonradan meydana çıxdığı matçlarda kifayət qədər yaxşı təsir bağışlayıb. Millinin baş məşqçisi Ayxan Abbasov dayaq yarımmüdafiəçisinin Millətlər Liqasına qədər yaxşı forma yığıb, yeni mövsümə daha hazırlıqlı başlaması üçün ona yoxlama matçlarında şans verə bilər.
Qeyd edək ki, yığmamız Avstriya toplanışı çərçivəsində iyunun 5-də Malta, iyunun 9-da isə San Marino yığmaları ilə üz-üzə gələcək. Bu oyunlar Macarıstanın Szombathely şəhərində keçiriləcək
saytlarin hazirlanmasi
