Dünən Ayxan Abbasov şamaxılı azarkeşlərə vida etdi. Yerli publika qarşısında qələbə qazanmaqla. Özü də güclülərdən olan "Turan Tovuz"la oyunda.
İki il əvvəl Premyer Liqaya qayıdan "Şamaxı" onları elitada saxlayacaq məşqçi axtarırdı. Həmin ərəfədə Ayxan Abbasovun gözlənilmədən "Turan Tovuz"dan ayrılması "Şamaxı"nın işinə gəldi. Təcrübəli məşqçiyə təklif irəli sürdülər, anlaşdılar onunla.
Ayxan Abbasov lap başdan rəhbərliyə şərt qoydu ki, yalnız yerli futbolçularla oynamaq strategiyasından geri çəkilməlidilər. Ölkə futbolunun reallıqlarını əlinin içi kimi bilən mütəxəssis rəhbərliyə izah etdi ki, onların bu istəyi xoş olsa da, legionerlə güclənmiş rəqiblərlə mübarizədə effektiv deyil. Üstəlik ən aşağı büdcəylə oynamaları da başqa çətinliklər yaradacaqdı.
Arxada qalan iki ili vərəqləyəndə görürük ki, Ayxan Abbasov nəinki "Şamaxı"nı Premyer Liqada saxladı, bu komandanı hamıdan xal alan, öz oyun dəsti-xətti olan, möhkəm ortababa çevirdi. Rüfət Abbasov, Oruc Məmmədov, Edqar Adilxanov kimi gəncləri kəşf etdi, ötən mövsüm Rauf Rüstəmlini milli səviyyəsinə qaldırdı, Arsen Ağcabəyov və digər yerli futbolçuların yüksəlişinə təkan oldu.
Ayxan Abbasov Premyer Liqanın ən kiçik büdcəli komandasıyla böyük işlər gördü. Başqa cürə desək, əli aşağı olsa da, başı yuxarı gedir "Şamaxı"dan.
Həmid
saytlarin hazirlanmasi
