"Əsas olan oyundan zövq almaq, bu xüsusi anı hiss etmək və onu yaşamaqdır" - Valdas Dambrauskas

00:01 - 10 Sentyabr 2026

Çempionlar Liqasının Liqa mərhələsi çərçivəsində təmsilçimiz "Sabah" "Mançester Yunayted"lə qarşılaşacaq.

Sportal.az xəbər verir ki, oyundan öncə keçirilən mətbuat konfransında "Sabah"ın baş məşqçisi Valdas Dambrauskas matç haqa fikirlərini bildirib:

"Hazırda məqsədimiz nəticə barədə düşünməməkdir. Biz yaxşı oyun göstərmək və dünyanın ən yaxşı komandalarından biri ilə qarşılaşaraq əslində nə qədər güclü olduğumuzu görmək istəyirik. Monakoda püşkatmadan dərhal sonra demişdim ki, püşk çətin, hətta çox çətin ola bilər, əsl “Sabah püşkü” də düşə bilər. “Mançester Yunayted”, “Barselona”, “Arsenal”, Dortmund “Borussiya”sı, “Napoli” kimi komandalarla qarşılaşacağıq.

Düşünürəm ki, hazırda nəticə barədə düşünməyin vaxtı deyil. Bu turnir və bu oyunlar bizim və klubumuz haqqında bir çox həqiqəti üzə çıxaracaq. Onlar hansı istiqamətdə irəliləmək istədiyimizi, nəyə nail olmağı hədəflədiyimizi, hansı səhvlərə yol verəcəyimizi və onlardan necə dərs çıxaracağımızı göstərəcək.

Sabah əsas olan oyundan zövq almaq, bu xüsusi anı hiss etmək və onu yaşamaqdır. Əlbəttə, bacardığımızın ən yaxşısını və oynaya biləcəyimiz futbolu göstərmək istəyirik. Rəqabət apara biləcəyikmi? Futbol ictimaiyyətini təəccübləndirəcək nəsə edə biləcəyikmi? Məhz bunu görmək istəyirik. Əgər nəticə barədə düşünməyə başlasaq, sadaladığım bütün bu məsələlərə olan konsentrasiyamızı itirəcəyik”.

Xəbər xətti