"Şamaxı"nın müdafiəçisi, Azərbaycanın U-21 yığma komandasının kapitanı Emin Rüstəmov Sportal.az saytına müsahibə verib.
- “Şamaxı” son turda "Kəpəz" üzərində qələbə qazana bildi. Həmin görüş sizin üçün necə alındı? Deyəsən, Gəncə stadionunda narahat olmadınız. Halbuki rəqibə güclü dəstək var idi...
- “Kəpəz”ə qarşı səfər oyunları həmişə ağır olur. Əlavə olaraq, onların azarkeşlərin dəstəyini də nəzərə alsaq, oyunun daha çətin olacağını bilirdik. Şükürlər olsun, qələbə qazandıq. Amma görüş həqiqətən çətin keçdi.
- Komandan 4 turdan sonra 5 xalla 6-cı pillədə qərarlaşıb. Komandanın 4 turda göstərdiyi performansı necə dəyərləndirirsən? Daha yaxşı çıxış edib, daha yaxşı nəticə qazana bilərdiniz, yoxsa maksimum budur?
- Biz hər oyuna ciddi hazırlaşıb xal və xallar qazanmaq üçün çıxırıq. Mənim fikrimcə, bundan daha yaxşı ola bilərik. Komandada hər şeyin zamanla düzələcəyinə inanıram.
- "Şamaxı"nın potensialı bu mövsüm hansı nəticəni göstərməyə imkan verir?
- Çempionatda güclü komandaların olduğunu nəzərə alsaq, əlimizdən gələni edib xallar qazanıb üst pillələrdə olmağa çalışacağıq. Şadam ki, son turda qalib gəldik. Buna davam etməyi planlaşdırırıq, istəyirik. İnanıram ki, alınacaq.
- Növbəti turda "Sumqayıt"la qarşılaşacaqsınız. Rəqib bütün matçları məğlub olub və sonuncu pillədədir. Səncə, onları səfərdə məğlub etmək mümkün olacaq?
- "Sumqayıt"ın 3 turda məğlub olmasına baxmayaraq, yaxşı komanda olduğunu bilirik. Səfər oyunu ağır olsa da, qələbə qazanmağa çalışacağıq. Çətin olacaq, dəqiqdir. Amma məqsədimiz üçün sona qədər mübarizə aparacağıq.
- Qarşıda U-21 yığmamızın Çexiya və Şotlandiyaya qarşı oyunları var. Yığmanın bəzi futbolçuları Premyer Liqada oyunlara çıxır. Bu mənada, necə düşünürsən, yığma qarşıdakı görüşlərdə daha optimal, daha hazır heyətlə oynayıb nəyəsə ümid edə bilər?
- Yığmamızın futbolçularının Premyer Liqada oyunlara çıxması və təcrübə qazanması çox yaxşıdır. Milli toplanışda da əlimizdən gələnin ən yaxşısını edib yaxşı nəticə qazanmağa çalışacağıq.
Mirbağırağa
