"Məsafələr səfərləri və müntəzəm olaraq xarici rəqiblərlə qarşılaşmağı çətinləşdirir" - "Sabah"ın xorvat məşqçisi

18:06 - 9 Noyabr 2026

UEFA Gənclər Liqasında çıxış edən "Sabah" və "Qarabağ"ın 19 yaşlı futbolçuları ağır məğlubiyyətlə üzləşiblər. "Sabah" "Vikinq"dən 5, "Qarabağ" "Dinamo" Zaqrebdən 7 cavabsız qol buraxıb.

Komandalarımızın bu səviyyədə oynamağa çətinlik çəkməsinin səbəblərini "Sabah"ın U-19 komandasının baş məşqçisi Adino Mustedanaqiçdən maraqlandıq. Xorvat mütəxəssis məsələ ilə bağlı sportal.az saytına bunları danışdı:

"Əsas komandamız Çempionlar Liqasında iştirak hüququ qazananda da dediyim kimi, bu səviyyəli oyunları böyük həyəcan və həvəslə gözləyirdim. Çünki belə qarşılaşmalar meydandakı problemləri və üzərində işləməli olduğumuz məqamları aydın şəkildə göstərir. Keçirdiyimiz dörd oyundan sonra gəldiyim qənaət budur ki, avropalı rəqiblərimizin futbolçuları bu səviyyədə daha böyük təcrübəyə malikdirlər. Bununla yanaşı, onların fəaliyyəti dəqiq qurulmuş sistemə əsaslanır. Bu sistemdə təsadüfi qərarlara çox yer verilmir, hər kəs uzunmüddətli strategiyaya uyğun çalışır. Belə rəqiblərlə qarşılaşmaq həm zəif tərəflərimizi görmək, həm də öyrənmək baxımından çox faydalıdır.

“Vikinq”i nümunə göstərə bilərəm. Onların gənc futbolçuları Norveçin üçüncü divizionunda böyüklərdən ibarət komandalara qarşı mübarizə aparırlar. Klubun direktoru ilə söhbətimizdə bildirdi ki, onlar üçün əsas meyar nəticə deyil, futbolçuların inkişafıdır. Çempionatdakı mövqelərindən və topladıqları xallardan asılı olmayaraq, müəyyənləşdirdikləri strategiyaya sadiq qalırlar.

Bu yanaşma beynəlxalq oyunlarda da özünü göstərir. İlk qarşılaşmada “Ştutqart”a 0:5 hesabı ilə məğlub olsalar da, bunu inkişaf prosesinin bir hissəsi kimi qəbul edib yollarına davam etdilər. Sonrakı oyunlarda isə irəliləyiş göstərdilər.

Azərbaycan futbolunda belə bir inkişaf üçün nə qədər vaxt lazım olduğu seçiləcək strategiyadan və onu həyata keçirəcək şəxslərin yanaşmasından asılıdır. Hər ölkənin özünəməxsus çətinlikləri var. Azərbaycanda da bu proses asan deyil. Coğrafi məsafələr beynəlxalq turnirlərə səfərləri və müntəzəm olaraq xarici rəqiblərlə qarşılaşmağı çətinləşdirir. Mən bunu inkişaf yolundakı əsas maneələrdən biri hesab edirəm.

Nə qədər çox və keyfiyyətli işləsəniz də, daim eyni rəqiblərlə qarşılaşırsınızsa, öz səviyyənizi tam qiymətləndirmək çətin olur. Azərbaycanda komandaların sayının məhdud olması da bu vəziyyətə təsir edir. Həqiqi səviyyəmizi görmək üçün həmin dairədən kənara çıxmalı və fərqli futbol mühitlərində özümüzü sınamalıyıq.

Bir daha vurğulamaq istəyirəm ki, bu cür oyunlar problemlərimizi görmək, zəif tərəflərimizi müəyyənləşdirmək və inkişaf istiqamətlərini anlamaq üçün vacibdir. Ancaq çatışmazlıqları üzə çıxarmaqla kifayətlənmək olmaz. Onları aradan qaldırmağa imkan verən şərait də yaradılmalıdır. Bunun üçün isə bu səviyyəli qarşılaşmaların sayının artması böyük əhəmiyyət daşıyır".

Xəbər xətti