Bu gün AFFA İcraiyyə Komitəsinin növbəti iclası keçirilib. Qurban Qurbanov artıq neçənci dəfədir ki, iclasa qatılmayıb.
Nə hikmətdirsə, hər dəfə İK-nın toplantısı olanda "Qarabağ"ın ya oyunu olur, ya tədbiri. Bunu planlamaq nə çətin işdir ki, hər dəfə üst-üstə düşməsin.
Qrafiki tənzimləmək mümkündür. Mümkün olmayan Qurban Qurbanovla İK üzvləri arasında futbolumuza olan baxışlarda uyğunsuzluğu tənzimləməkdir. Bu, artıq açıq-aşkar hiss olunmaqdadır. Qurban Qurbanov Premyer Liqa oyunları sonrası mətbuat konfranslarında İcraiyyə Komitəsi ilə bağlı suallardan yayınır, bu mövzuda danışmağa meyilli olmadığını göstərir.
Görünən odur ki, Qurban Qurbanov İcraiyyə Komitəsinin iclaslarına qatılmamaqla mədəni şəkildə uzaqlaşmaq istəyir qurumdan. Ölkəmizin ən önəmli futbol adamı eşidilmədiyi yerdə olmağı özünə uyğun görmür. AFFA rəhbərliyinin dəyişməsindən il yarım vaxt keçsə də, durğunluqdu, əməli iş görülməyib. İctimaiyyət də təbii olaraq ilk növbədə Qurban Qurbanovu sorğulayır hərəkətsizlikdə. Çünki, İK-da tək futbol adamı odur. Kimlərsə 72 yaşlı veteran Səməd Qurbanovu və ya heç bir ciddi uğuru olmayan klub rəsmilərini futbol adamı kimi sırımağa çalışsa da, fakt odur ki, İcraiyyə Komitəsində müasir futbolun bir parçası tək Qurban Qurbanovdu.
Qurban Qurbanovun hər dəfə iclaslara gəlməməsinə rəğmən, AFFA rəhbərliyi onun İK-dan getmək məsələsini qaldırmır. Əslində, cavabı sadədir - AFFA-ya Qurban Qurbanovun adı lazımdır, özü yox!
AFFA-da mühüm vəzifələri ələ keçirmək istəyən dəstəyə Qurban Qurbanovun adı lazımıydı, "qalxan" kimi. Yəni, yuxarılara göstərsinlər ki, Qurban Qurbanov da bizimlədir.
Vəzifələr bölüşdürüləndən sonra isə vəziyyət dəyişdi. Dünənə qədər hər sözü qızıldan da dəyərli sayılan Qurbanovun sözünün qabağına söz qoymağa başladılar. Lap da üz-göz olmamaq üçün buna rəsmi don da geyindirdilər - İcraiyyə Komitəsində qərarlar səs çoxluğuna uyğun verilir.
Bax, Qurban Qurbanovun da ən ciddi səhvi budur. Hələ o vaxt AFFA rəhbərliyi qarşısında tələb qaldırmalıydı ki, onun təmsil olunduğu İcraiyyə Komitəsində məmurların dost və qohumları yox, futbol adamları əyləşməlidir. İK-dakı 13 nəfərdən 6-7-i futbol adamı olsaydı, qərarlar da fərqli olacaqdı, gedişat da. Təəssüf ki, Qurban Qurbanov o vaxt nə "yox" deyə bildi, nə də tələb qoya...
Hər halda belə durum çox davam edə bilməz. Bəlkə də hərə öz yoluna baxsa, daha yaxşı olar. Qurban Qurbanov öz "Qarabağ"ıyla məşğul olsun, AFFA da öz inkişaf strategiyasıyla. Sonrasını zaman göstərər.
Həmid
saytlarin hazirlanmasi