AFFA-nın dəvətindən imtina edən həmyerlimiz: "Qarabağ"a qarşı oynamaq maraqlı idi"

12:48 - 9 İyul 2025

Ukraynanın “Metalist 1925” klubunun hücumçusu Ramik Hacıyev Avstriyada təlim-məşq toplanışında “Qarabağ”a qarşı yoldaşlıq oyununda (5:4) keçirdiyi hisslərdən danışıb.

Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, əslən Azərbaycandan olan Hacıyev bunları deyib:

“Qarabağ”a qarşı sparrinq mənim üçün xüsusi idi? Təlim-məşq toplanışında rəqiblərin siyahısını öyrənəndə təbii ki, mənim üçün vətənimin komandası olan "Qarabağ"a qarşı oynamaq maraqlı idi. Çünki mən Azərbaycanda doğulmuşam. Onlar Çempionlar Liqasında oynayırlar, ardıcıl bir neçə mövsüm ölkə çempionu olublar. Ona görə də onların səviyyəsini görmək, onlarla oynamaq, özümü müqayisə etmək çox maraqlı idi.

Bəli, oyunumdan razıyam. Hər matçda effektli hərəkətlər etməyə çalışıram. “Qarabağ” kimi komandaya qarşı bunu nümayiş etdirə bildiyim üçün çox şadam”.

Xatırladaq ki, ötən il AFFA-nın Hacıyevi Azərbaycan millisinə cəlb etməkdə maraqlı olduğu barədə xəbərlər yayılmışdı. Lakin futbolçunun özü gələcəkdə Ukrayna millisinin şərəfini qorumaq arzusunu ifadə edərək, millimizdə oynamaq variantından vaz keçmişdi.

Xəbər xətti