Susqunluğu Vadji ilə pozan "Turan Tovuz" - Kurban Berdiyevin yeni mövsümlə bağlı planları

19:44 - 3 Avqust 2025

İş adamı Ehtiram Quliyev "Turan Tovuz"u himayəsinə götürən vaxtdan bilinirdi ki, bölgə klubu zamanla əvvəlki əzəmətini qaytarmağa çalışacaq. Kurban Berdiyev kimi adlı-sanlı məşqçinin dəvəti də buna hesablanmış addım idi. 

Mövsümə əla başlayan rusiyalı mütəxəssis qışdan sonra davamını gətirə bilmədi. Çempionatın ikinci yarısında nəticələri pisləşən komanda mövsümü 4-cü pillədə başa vurmalı oldu. Kurban Berdiyevi turnir cədvəlində daha imkanlı "Neftçi" və "Sabah"ı qabaqlamaqla müsbət mənada fərqləndirmək də olar. Amma nəticədə qarşıya qoyulan avrokuboklara vəsiqə qazanmaq tapşırığı yerinə yetirilmədi. 

Böyük ehtimalla, həm Ehtiram Quliyevin, həm də Kurban Berdiyevin əminliyi var idi ki, "Qarabağ" ölkə kubokunu qazanacaq və məhz "Turan Tovuz" avrokuboklara 4-cü vəsiqəni əldə edəcək. Amma yaşananlar xüsusən Ehtiram Quliyev üçün gələcəyə təcrübə olacaq ki, ölkə futbolu ortamında heç kimə və heç nəyə ümid bağlamaq olmaz. Öz məsələni gərək özün həll edəsən. 

Bu o demək deyil ki, "Qarabağ" kubokun finalında bilərəkdən uduzub. Əsla! "Sabah" heyətinə görə də, gücünə görə də finalda istər "Qarabağ"ı, istərsə də başqa Premyer Liqa klubunu məğlub edə biləcək səviyyədədir. Belə baxanda, çempionat oyunlarında da həmişə "Qarabağ"a tərs rəqib olublar. Amma bir şey faktdır ki, "Qarabağ" həmin finala nə mental, nə də funksional hazırlaşmışdı. "Sabah"la oyun ərəfəsində milli üzvlərinə istirahət verən Qurban Qurbanov açıqcasına hiss elətdirmişdi ki, final oyunu onlar üçün prioritet deyil. 

Qarşıdan növbəti mövsüm gəlir. Kurban Berdiyev də başa düşür ki, bu dəfə ötənilkindən də çətin mübarizə gözləyir onları. Belə görünür ki, "Neftçi" ötən mövsümlə müqayisədə daha yaxşı olacaq. Avrokuboklarda çıxış edən klubların gücü göz qabağındadır. "Sumqayıt" və "Qəbələ"dən də nəsə gözləmək olar. 

Transfer dönəmində daha çox susqun görünən "Turan Tovuz" İbrahima Vadji ilə gündəmi zəbt etdi. Bundan bir neçə gün əvvəl Ozobiçin keçidini rəsmiləşdirmişdilər. Deyilənlərə görə, Marko Veşoviçlə danışıqlar aparırlar. Görünən odur ki, Berdiyev işini şansa buraxmaq istəmir, bizim Liqanı bilən oyunçuları heyətə qatmağa üstünlük verir. 

Yaxın vaxtlarda daha bir neçə transferin həyata keçirilməsi planlaşdırılır. Kurban Berdiyev bu mövsüm "Turan Tovuz"u avrokuboklara daşımaq istəyir. 

Həmid

Xəbər xətti