"O vaxtı güclü komandamız və birliyimiz var idi" - "Neftçi"də çempion olan braziliyalı

14:22 - 21 Dekabr 2025

"Neftçi”nin sabiq futbolçusu, 2020/2021 mövsümündə “ağ-qaralar”ın heyətində çempionluq yaşamış Tallison Dias Sportal.az saytına müsahibə verib. Braziliyada aşağı liqa komandası olan “Porto Vitoria”da oynayan 34 yaşlı müdafiəçi Azərbaycandakı çempionluğunu da xatırlayıb.

- Hazırda işlərin necə gedir? Braziliyadakı karyerandan razısan? 

Braziliyada işlərim qaydasındadır. Bəli, 1-ci liqada oynayıram. Komandamızın qarşısına məqsədlər qoyulub, mən də digər futbolçular kimi ona çatmaq üçün köməklik göstərirəm. 

- “Neftçi”ni izləyirsən? Bu komandanın çıxışı sənin üçün maraqlı gəlir?

Əlbəttə ki, maraqlı gəlir. Çünki bu klubda çempionluq yaşamışam. Mən "Neftçi"ni həmişə izləyirəm. Doğrudur, onlar bu mövsümü gözləntilərdən çox aşağı keçirir. Çox çətin vəziyyətdədirlər.

- “Neftçi"ni çempion etmiş Samir Abasov ötən ay baş məşqçi postundan istefaya göndərildi. Səncə, Abasov bu dəfə nəyə görə istefaya göndərildi? 

Şəxsi fikrimi soruşursuzsa, mən Samir Abasovu əla məşqçi hesab edirəm. Ola bilsin ki, bu dəfə onun 2021-ci ildə çempion olduğumuz vaxtdakı kimi kifayət qədər yaxşı oyunçuları yox idi. 

- 2021-dən söz düşmüşkən, “Neftçi”nin çempion olduğu vaxtı necə xatırlayırsan?

- Təbii ki, qürurla və fəxrlə xatırlayıram. Çempion olduğumuz zaman çox güclü və rəqabətli komandamız var idi. Biz meydanda birlik və güc göstərirdik. 

- “Neftçi" yeni baş məşqçi ilə anlaşıb. Yuriy Vernidub baş məşqçi postuna dəvət edilib. Səncə, o, komandaya uğur qazandıracaq?

- Bəzən bunun işə yaradığına da inanıram. Fərqli oyun metodu komandaya kömək edə bilər. Hər halda, gözləyək və görərik.

- "Neftçi" sonuncu dəfə 2021-ci ildə çempion olub. "Qarabağ" isə daim çempionluq əldə edir, hegemonluq edir. Səncə, nəyə görə "Neftçi" "Qarabağ" kimi güclü deyil?

Bilirsiz, növbəti mövsüm üçün oyunçu bazasını saxlamaq çətindir. Hər mövsüm çox sayda oyunçu dəyişdirmək uğurlu olmur. Komanda üçün pisdir. Yəni, bunun da təsiri ola bilər. 

- “Neftçi"də hazırda yeganə braziliyalı İqor Ribeyrodur. Onun haqda məlumatlısan? Səncə, "Neftçi"də braziliyalı futbolçunun olmaması təsir göstərir?

Braziliyalı futbolçular fərqli istedada sahib olurlar. İnanıram ki, İqorun da “Neftçi”yə çox köməyi dəyə bilər.

Mirbağırağa
 

Xəbər xətti