"Klubda stabil oynadığım üçün Ayxan Abbasovun məni milliyə dəvət edəcəyini düşünürəm" - MÜSAHİBƏ

15:22 - 21 Dekabr 2025

Birinci Liqada favoritlərdən olan “Səbail”in qolkiperi Rəşad Əzizli Sportal.az saytına müsahibə verib.Təcrübəli qapıçı komandasının Premyer Liqaya vəsiqə qazanmaq şanslarını dəyərləndirib.

- "Səbail" son turda "Şahdağ Qusar"la bərabərə qaldı. Bu matçdakı xal itkisi özünüz üçün gözlənilməz oldu?

- Ümumiyyətlə bizə qarşı bütün rəqiblər daha çox istəkli oynayırlar. Bu da hər oyun işimizi çətinləşdirir. Çempionluğu istəyiriksə, hər oyunda qalib gəlməyi düşünürük. Amma bəzən istədiyimiz nəticəni ala bilmirik.

- Komanda hazırda lider "Şəfa"dan 5 xal geridədir. Buna görə hansısa inamsızlıq yaranmayıbki? Necə düşünürsən, bu fərqi aradan qaldırmaq mümkün olacaq?

- Xeyr, heç bir narahatçılıq yoxdur. Öz işimizi davam etdiririk, oyunumuza köklənirik. İnanıram ki, hər şey yaxşı olacaq.

- Mövsümə Elvin Məmmədovla başladınız, amma onu sonradan Adil Şükürov əvəzlədi. Baş məşqçi dəyişikliyindən sonra komandada müsbət mənada hansısa dəyişikliklər var?

- Elvin Məmmədovun öz oyun üslubu var idi. Adil müəllim də başqa cürdür. Bizim işimiz məşqçinin tapşırığını düzgün yerinə yetirməkdir. Allah qoysa, uğur olar və biz çempionluğu rəsmiləşdirərik. 

- Birinci Liqadakı mübarizə, şərait haqda hansı fikirdəsən? Uzun illər Premyer Liqada oynamış futbolçu kimi Birinci Liqanın səviyyəsi sənin üçün necədir?

- Şərait çox fərqlidir, çox çətinliklər var. Meydançaların vəziyyəti pis durumdadır. Paltardəyişmə otaqları da bərbaddır. Futbol olaraq da, fərqlidir. Fikrimcə, Premyer Liqada oynamaq daha asandır, nəinki Birinci Liqada. Hazırda buradayıqsa, mübarizəmizi davam etdiririk və yüksək liqaya vəsiqə qazanmağa çalışırıq.

- Maraqlıdır, heç millidən dəvət gözlədiyin vaxt oldu? Çünki "Səbail"də daimi olaraq qapıda dayanırdın, A millidə isə hazırda klubunda daimi oynayan qapıçı çox azdır. Xüsusən də, buna görə A millidən dəvət olacağını düşünürsən heç? Milli komandaya əvvəllər dəvət edilmisən...

- Ayxan müəllimi yaxşı tanıyıram. Onunla "Sumqayıt"da birlikdə işləmişəm, həmişə dəstəyi olub. Millinin baş məşqçi postuna yeni təyin edilmişdi və birdən-birə böyük dəyişiklik edə bilməzdi. Bu da başadüşülən idi. Ancaq inanıram ki, Birinci Liqanı və İkinci Liqanı da izləyir, maraqlanır. Təbii ki, millidən mən də dəvət gözləyirəm. Klubda stabil oynadığım üçün məni milli komandaya dəvət edəcəyini düşünürəm.

Mirbağırağa
 

Xəbər xətti