Qazaxıstan mətbuatı Abu-Dabidə (BƏƏ) qış təlim-məşq toplanışında olan “Kayrat”ın qarşıdakı yoldaşlıq oyunları üçün rəqiblərini müzakirə edərkən, “Neftçi" haqda da yazı dərc edib.
Sportal.az xəbər verir ki, “Vesti.kz” portalı Azərbaycan klubunun hazırkı durumundan və iddiasından yazıb:
"Kayrat" əvvəlcə “Neftçi” ilə oynayacaq. Onlar 9 qat Azərbaycan çempionudur və bu mövsüm 12 komandalı liqada turnir cədvəlində 7-ci pillədədir(əslində 8-ci pillədədir - red). Onları bir neçə il əvvəl təvazökar “Şerif”i Çempionlar Liqasına aparan məşhur ukraynalı məşqçi Yuri Vernidub çalışdırır. Bakı komandasının oyunçularının adlarına və nailiyyətlərinə əsasən demək olar ki, kifayət qədər güclü heyətə sahibdir. Komandanın Premyer Liqada turnir cədvəlində bu qədər geridə olmaları təəccüblüdür. "Neftçi"də Azərbaycan, Monteneqro, Benin, Kamerun və Venesuela millilərinin hazırkı üzvləri çıxış edir.
Kamerunlu hücumçu Vinsent Abubakar isə xüsusi qeyd olunmalıdır. Çünki o, ölkəsində 116 oyunda 45 qol vurub. "Porto" və "Beşiktaş"ın keçmiş forvardın bu ay 34 yaşı tamam olur. O, oktyabrda "Neftçi"yə qoşulub. Bütün yarışlarda 10 matçda 5 qol vurub. Onun əvvəlcə yanvar qış təlim-məşq toplanışı matçlarında oynaması planlaşdırılmırdı. Çünki o, Afrika Millətlər Kubokunda iştirak etmək üçün Kamerun millisinə yollanmalı idi. Lakin Abubakar milliyə dəvət edilmədi. Turnir ərəfəsində Kamerun futbolunda qalmaqal yaşandı: yerli federasiyanın rəhbəri Samuel Eto baş məşqçini işdən çıxardı və digər mütəxəssisi bu posta təyin etdi. Hətta Etonun Abubakarın (45) milli komanda üçün qol rekordunu (56) qırmasını istəmədiyi və buna görə də onun çağırışını blokladığı irəli sürüldü. Nəticədə, Vinsent yanvarın 9-da Afrika Millətlər Kubokunun Mərakeş – Kamerun oyununda oynamayacaq, amma BƏƏ-də “Kayrat”la yoldaşlıq görüşündə meydana çıxacaq.
"Neftçi"də Azərbaycan milli komandasının kapitanı, yarımmüdafiəçi Emin Mahmudov oynayır. Qapıçılar arasında Qazaxıstan futbol azarkeşləri üçün tanınmış sima, əvvəllər Qazaxıstan Premyer Liqasında "Tobol" və "Turan"da oynamış Emil Balayevi görmək olar. Lakin Balayev "Neftçi"də bir nömrəli qapıçı deyil və o, burada Bosniya və Herseqovina millisinin keçmiş qapıçısı Kenan Piriçə uduzur. Ümumilikdə, Bakı klubu mövsümü davam etdirməyə hazırlaşır. Yanvarın 23-də onlar 2026-cı ilin ilk rəsmi oyununda evdə “Zirə” ilə qarşılaşacaq".
