FİFA DÇ-2026-da ofsayd vəziyyətinin müəyyənləşdirilməsi mexanizmini əhəmiyyətli dərəcədə təkmilləşdirməyi planlaşdırır.
Sportal.az xəbər verir ki, bu barədə qurumun prezidenti Canni İnfantino məlumat verib.
Onun sözlərinə görə, turnirdə meydandakı bütün futbolçuların üçölçülü surətlərinin yaradılmasına əsaslanan yarıavtomatik ofsayd sisteminin yeni versiyası tətbiq olunacaq. Bu 3D modellər süni intellektdən istifadə etməklə işləyəcək və ötürmə anında oyunçuların bədən üzvlərinin son mövqeyini daha dəqiq şəkildə qeydə almağa imkan verəcək.
İnfantino vurğulayıb ki, bu yenilik hakimlik texnologiyalarının inkişafında ciddi irəliləyiş olacaq, daha aydın vizuallaşdırma, daha sürətli qərarların qəbulu və mübahisəli epizodların futbolçular, məşqçilər və azarkeşlər tərəfindən daha yaxşı başa düşülməsini təmin edəcək.
Daha əvvəl bildirilib ki, Beynəlxalq Futbol Assosiasiyaları Şurası 20 yanvar 2026-cı il tarixində ofsaydın şərhi ilə bağlı qaydalarda mümkün dəyişiklikləri müzakirə edəcək. Qərar qəbul ediləcəyi təqdirdə, yeni müddəalar 2026/27 mövsümündən etibarən qüvvəyə minə bilər. Xüsusilə, FİFA-nın qlobal futbolun inkişafı üzrə departamentinin rəhbəri Arsen Venger oyunçunun qol vurmaq mümkün olan hər hansı bədən hissəsi sondan ikinci müdafiəçinin xəttində və ya onun arxasında yerləşərsə, ofsayd sayılmamasını təklif edib.
Qeyd edək ki, dünya çempionatı 11 iyun–19 iyul tarixlərində Kanada, Meksika və ABŞ-da keçiriləcək. Turnir tarixində ilk dəfə olaraq 48 milli komanda iştirak edəcək.
saytlarin hazirlanmasi
