Agentlərlə "müharibə şəraitində" yaşayan "Qarabağ" - təklifləri olan futbolçuları nə buraxmaq olur, nə saxlamaq

13:24 - 10 Yanvar 2026

Ötən gün mətbuat önünə çıxan Qurban Qurbanov xaricdən təklif alan futbolçularla bağlı duruma bir daha toxunub. Onun danışığından belə başa düşülüb ki, dəyişən bir şey yoxdur. Agentlər "Qarabağ"lı futbolçuları rahat buraxası deyillər. 

Əslində, Yankoviçin son açıqlamaları da, vəziyyəti anlamağa imkan verir. Bir tərəfdən qalib kimi getmək istədiyini deyir, o biri tərəfdən ona görə yaxşı təklif olacağı təqdirdə "Qarabağ"ın ayrılığa əngəl törətməyəcəyinə ümid etdiyini vurğulayır. Sadə dildə desək, "bir ayağı burda, bir ayağı ordadır". 

Başqa futbolçularla bağlı da təxminən oxşar durumdur. Qurban Qurbanov kimi adam dilə gəlibsə, vəziyyətin nə qədər mürəkkəb olduğunu təsəvvür etmək olar. 

"Qarabağ"ı Çempionlar Liqasının əsas mərhələsində iki oyun gözləyir. Yanvarın 21-də "Ayntraxt"ı qəbul edəcəklər. Bir həftə sona səfərdə "Liverpul"la oyun var. Məhz bu matçlardan sonra bir çox suallara cavab tapmaq olacaq. Pley-offa çıxsalar, çətin kimisə buraxalar. Mübarizəni dayandırsalar, yəqin ki bir neçə ayrılıq yaşanacaq. Əksər ölkələrdə qış transfer pəncərəsinin fevralın əvvəlində bağlandığını nəzərə alsaq, belə senari mümkün hesab olunur.

Həqiqətən çətin durumdur. Yaxşı təklifləri olan futbolçuları nə buraxmaq olur, nə saxlamaq...

Həmid

Xəbər xətti